2018-12-19
Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Ölkəmizin Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovun vilayətin qubernatoru vəzifəsini müvəqqəti icra edən Vadim Şumkovla görüşündə Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın inkişafı perspektivləri əsas müzakirə mövzusu olub.

Kurqan vilayəti qubernatorunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, V. Şumkov qeyd edib ki, Uralarxası regionunun sənaye müəssisələri Azərbaycanın işgüzar dairələri ilə qarşılıqlı fəaliyyətin inkişafında maraqlıdır və kommunal-tikinti materiallarından tutmuş yanğın əleyhinə texnikayadək müxtəlif məhsulları ixrac etməyə hazırdırlar. Qubernator əlavə edib: “Biz Azərbaycanla kifayət qədər fəal əməkdaşlıq etməyə hazırıq. Bunun üçün Kurqan vilayətində bütün imkanlar mövcuddur. Xüsusən, biz vilayətimizdə fəaliyyət göstərən İxracat Mərkəzinin işini yenidən qurmağı və stimullaşdırmağı nəzərdə tuturuq. Regionumuzun ixracatı üç mənbə – maşınqayırma müəssisələri, kiçik və orta sahibkarlar, həmçinin aqrar-sənaye kompleksinin istehsal etdikləri məhsullar hesabına həyata keçirilir. Məhz bu istiqamətlər azərbaycanlı həmkarlarımız üçün maraq kəsb edə bilər”.

Tərəflər gələn ilin ikinci yarısında Kurqan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil olunması ilə bağlı razılıq əldə ediblər. Uralarxası regionunun təmsilçiləri vilayətin sənaye, turizm və aqrar potensialını təqdim edəcək, sonra isə qarşılıqlı fəaliyyət istiqamətləri daha müfəssəl şəkildə müəyyən olunacaq.

Səfər çərçivəsində baş konsul regionun qabaqcıl müəssisələrini ziyarət edib və istehsal prosesi ilə tanış olub.

Aparılan danışıqlar nəticəsində tərəflər Kurqan vilayətinin və Azərbaycan Respublikasının hökumətləri arasında iqtisadi-ticari, elmi və mədəni əməkdaşlığa dair hazırda qüvvədə olan Sazişin yenilənməsini və ona əlavələr edilməsini qərara alıblar.

Xatırladaq ki, yola saldığımız ildə Kurqan vilayətinin müəssisələri respublikamıza taxta-şalban, kimya sənayesi məhsulları, ərzaq malları və onların istehsalı üçün xammal, müxtəlif maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri tədarük ediblər. Ən böyük ixracatçı isə “Sintez” ASC olub.

Kurqan vilayətində “Azərbaycan konqresi” regional ictimai təşkilatı fəaliyyət göstərir.

https://azertag.az/xeber/Azerbaycanla_Rusiyanin_Kurqan_vilayeti_arasinda_emekdasligin_perspektivleri_muzakire_olunub-1225842

növbəti xəbər əvvəlki xəbər