27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Sankt-Peterburq şəhərində tədbir keçirilib
27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarının birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda keçirilmiş anım tədbirində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu v.i.e Anar Yusifzadə, Yekaterinburq şəhərindəki baş konsulu v.i.e Şöhrət Mustafayev, Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Kənan Təhməzov, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi akademiyalarında təhsil alan azərbaycanlı zabit və kursantlar, Azərbaycan diasporunun nümayəndələri etmişdir.
Azərbaycan Respublikasının əzəli torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmiş, xatirə guşəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Kənan Təhməzov və Azərbaycan diasporunun nümayəndəsi, yazıçı Adil Quliyev 30 ildən artıq müddətdə düşmən tapdağı altında olan doğma torpaqlarımızı işğaldan azad edən Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 5 il əvvəl qəhrəmanlıq tarixi yazdığını qeyd etmiş, 27 sentyabr tarixinin və 44 günlük Vətən Müharibəsinin Azərbaycanın şanlı dövlətçilik tarixindəki xüsusi əhəmiyyətindən bəhs etmişdir.
Həmçinin tədbir çərçivəsində 27 sentyabr – Anım Gününə həsr olunmuş kitab və rəsm sərgiləri təşkil edilmiş, 44 günlük Vətən Müharibəsi zamanı Qarabağımızın mədəniyyət beşiyi Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman zabit və əsgərləri tərəfindən düşmən işğalından azad olunmasına həsr olunmuş “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunmuş və şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq tədbir iştirakçılarına ehsan süfrəsi verilmişdir.











