Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulluğunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş fotosərgi və ziyafət təşkil olunub
Tədbirdə Baş Konsulluğun əməkdaşları və Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr və gənc fəallar iştirak ediblər.
Tədbir iştirakçıları 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan vətən övladlarının əziz xatirəsini onların xatirəsinə ucaldılmış stendin önündə dərin ehtiramla yad ediblər, işğaldan azad edilmiş şəhər və rayonlarımızı əks etdirən fotosərgi ilə tanış olublar.
Daha sonra tədbirdə açılış nitqi ilə çıxış edən baş konsul v.i.e Şöhrət Mustafayev, 44 günlük Vətən Müharibəsində cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvətlərinin və onları daima qələbəyə səsləyən, hər cür dəstəyi göstərən xalqımızın bir ürək kimi, yazmış olduğu qəhrəmanlıq dastanından bəhs edib. O, həmçinin dünyanın harasında yaşamalarından asılı olmayaraq, hər birimiz üçün qürur abidəsi olan bu günlərdə həmvətənlərimizin nümunəvi dəstəyini, habelə gənclərimizin informasiya məkanında göstərmiş olduqları fədakarlıqları qeyd edib, böyük qələbənin əldə olunmasında göstərilən şücaətin ən incə məqamlarının gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb. Mərasimdə iştirak edən gənclər çıxış edərək, qürbətdə olsalar da ölkəmizin ən yeni tarixində qəhrəmanlıq dastanın yazıldığı o günlərdə ürəklərinin Azərbaycanla döyündüklərini qeyd edərək, Vətən Müharibəsi dövründə yaşadıqları ölkədə keçirdikləri hisslərdən, habelə qələbənin elan olunduğu gün özlərinin, valideynlərinin və digər həmvətənlərimizin necə böyük coşğuyla qələbəni qeyd etdiklərindən bəhs ediblər, müharibənin canlı iştirakçısı olan yaxınlarının xatirələrini bölüşüblər.
Tədbirin rəsmi hissəsində “Şuşa Sən Azadsan!” filmi nümayiş etdirilib, daha sonra ziyafət verilib, həmçinin böyük qələbəmizin 5-ci ildönümünü simvolizə edən, rəmzi olaraq xarı bülbül, eləcə də şanlı bayrağımızla bəzədilən tort kəsilib və tədbir iştirakçıları çay süfrəsinə dəvət olunub.










