Krasnoyarsk diyarında həmvətənlərlə görüş keçirilib
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev 14-15 dekabr 2025-ci il tarixlərində Krasnoyarsk diyarına səfər edib. Səfər çərçivəsində regionda fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən “Krasnoyarsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədr müavini Azər Mustafayev Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun regionda yaşayan soydaşlarımızın qarşılaşdığı çətinliklərin həlli istiqamətindəki səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə son iki il ərzində Krasnoyarskda mütəmadi olaraq təşkil edilən səyyar konsulluq qəbullarının həmvətənlərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, A. Mustafayev bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyinə xüsusi diqqət çəkib
Görüşün davamında çıxış edən Ş. Mustafayev, “Krasnoyarsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının yüksək nüfuzundan məmnunluğunu ifadə edib. O, xalqımızın mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən uğurlu layihələri xüsusi qeyd edərək təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Ş. Mustafayev, həmçinin fəaliyyəti və nüfuzu sərhədləri aşan “Odlar Yurdu” Azərbaycan xalq rəqs ansamblının hər birimizin qürur mənbəyi olduğunu vurğulayıb və gələcək işlərində onlara uğurlar arzulayıb.
Yuxarıda qeyd olunanlarla yanaşı, görüş zamanı konsulluq-hüquq sahəsində soydaşlarımızı maraqlandıran suallar ətraflı cavablandırılıb. Sənədlərində uyğunsuzluqlar olan vətəndaşların müraciətlərinə fərdi qaydada baxılaraq, mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb və lazımi tövsiyələr verilib.



