2026-01-19

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar fotosərgi və anım tədbiri təşkil edilib

19 yanvar tarixində Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar fotosərgi açılıb və anım tədbiri keçirilib.

Sərginin açılış mərasimində və anım tədbirində Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr, habelə Baş Konsulluğun əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə fotosərgi ilə tanış olub, daha sonra xatirə stendinin önünə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək bildirib ki, 36-cı ildönümünü qeyd etdiyimiz 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığının və öz müqəddəratına sahib çıxa biləcək qüdrətdə olmasının növbəti təsdiqidir. O, ən yeni tariximizə "Qara Yanvar" kimi daxil olan 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüş nöqtəsi olaraq milli kimliyimizin formalaşmasında və dövlət müstəqilliyimizin bərpasında həlledici amil olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin atmış olduğu addımların böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edib.

Arxiv üzrə axtarış