Krasnoyarsk şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli qala-konsert keçirilib
May ayının 11-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Yekaterinburq şəhərindəki Baş Konsulluğunun, eləcə də Krasnoyarsk diyarı Qubernatorunun və Hökumətinin dəstəyi ilə Krasnoyarsk şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli qala-konserti keçirilib. A.N. Kuznetsov adına Krasnoyarsk Regional Əmək və Barışıq Sarayının 897 yerlik konsert salonunda baş tutan konsertdə Krasnoyarsk diyarının rəsmiləri, yerli ictimaiyyətin və müxtəlif xalqların diaspor mənsubları, həmçinin regionda fəaliyyət göstərən, müxtəlif sahələrdə çalışan ziyalılarımız və həmvətənlərimiz iştirak ediblər. Sarayın foyesində Ümummilli Lider Heydər Əliyevin zəngin ömür yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini, Rusiyanın görkəmli ictimai-siyasi və mədəniyyət xadimləri ilə keçirdiyi tarixi görüşləri, eləcə də Baykal-Amur Magistralının (BAM) inşasında çalışmış inşaatçılarla yaddaqalan anları əks etdirən foto sərgi təşkil olunub. Konsert proqramının rəsmi açılışından əvvəl dəvət olunmuş rəsmi qonaqlar üçün furşet təşkil edilib.
Konsert proqramının rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Krasnoyarsk diyarının Mədəniyyət naziri Arkadi Zinov və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Krasnoyarsk şəhərindəki nümayəndəsinin v.i.e Denis Makin çıxış ediblər. Natiqlər öz çıxışlarında müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömür yolu, Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuz qazanmasındakı misilsiz tarixi xidmətləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, Azərbaycan ilə Rusiya Federasiyası arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişaf dinamikasını xüsusi vurğulayıblar. Çıxışçılar Ulu Öndərin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə onun birbaşa rəhbərliyi və nəzarəti altında Rusiya ərazisində həyata keçirilən irimiqyaslı layihələri diqqətə çatdırıblar. Bu xüsusda, Heydər Əliyevin Sibir regionunun sosial-iqtisadi tarixindəki müstəsna rolu və Baykal-Amur Magistralının (BAM) inşasının uğurla başa çatdırılmasına verdiyi əvəzsiz töhfələr ehtiramla yad edilib.
Tədbirin bədii hissəsində Krasnoyarsk diyarının "Odlar Yurdu" Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı öz geniş və rəngarəng repertuarı ilə çıxış ediblər. Əlavə olaraq proqramda Sibirin əsas mədəni xəzinəsi hesab olunan M.S.Qodenko adına Krasnoyarsk Dövlət Akademik Sibir Rəqs Ansamblı öz repertuarlarından bir neçə yerli rəqs nümunələri nümayiş etdiriblər.
Konsert proqramı iki ölkə arasındakı mədəni əlaqələrin və xalqlararası dostluq tellərinin daha da möhkəmlənməsinə xidmət edən növbəti mühüm addım kimi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
https://vk.com/wall-89881522_37883
https://vk.com/wall-171159763_16062