Səfir Rəhman Mustafayev Yekaterinburq şəhərinə işgüzar səfər edib
21-22 aprel tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Yekaterinburq şəhərinə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Səfərin ilk günü, səfir Ural Federal Dairəsinin Azərbaycan icmasının nümayəndələri, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının üzvləri və yerli universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə bir araya gəlib. Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, perspektiv layihələr və soydaşlarımızı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar milli-mədəni ənənələrin və tarixi vətənlə əlaqələrin qorunub saxlanılmasının, xüsusilə gənclərin Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş layihələrdə fəal iştirakının vacibliyini vurğulayıblar. Tədbirdə Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə yanaşı, səfirliyin və Baş konsulluğun diplomatları da iştirak ediblər.
Səfər proqramı aprelin 22-də 16-cı Avrasiya İqtisadi Gənclər Forumu çərçivəsində keçirilən rəsmi görüşlərlə davam edib. Səfir Rəhman Mustafayev Sverdlovsk vilayətinin vitse-qubernatoru Vasili Valerieviç Kozlovla görüşərək ticarət, investisiya, elm, təhsil və idman sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
Elə həmin gün Ural Dövlət İqtisad Universitetini ziyarət edən səfir tələbələr üçün “Azərbaycanın xarici siyasəti və Azərbaycan-Rusiya münasibətləri” mövzusunda açıq mühazirə oxuyub. Səfir çıxışında ölkəmizin xarici siyasət prioritetlərini şərh edib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Qarabağın bərpası, ərazilərin minalardan təmizlənməsi və məcburi köçkünlərin geri qayıdışı prosesi barədə auditoriyanı ətraflı məlumatlandırıb.
Görüşün sonunda Qarabağda aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə dair sənədli film nümayiş etdirilib.