“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 may 2026

Yekaterinburq şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May - Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Qəbulda dövlət və hökumət rəsmiləri, diplomatik korpusun rəhbərləri, deputatlar, elm xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sverdlovsk vilayətində və ətraf vilayətlərdə yaşayan diaspor nümayəndələri, eləcə də bu şəhərdə təhsil alan tələbə-gənclərimiz və soydaşlarımız iştirak ediblər. Tədbirin rəsmi hissəsi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev müstəqillik tariximizin şanlı səhifələrindən, Azərbaycanın regionda və dünyada artan nüfuzundan, həmçinin Rusiya ilə mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib. Ş.Mustafayev öz çıxışında bu il ölkəmizin uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumuna (WUF13) xüsusi toxunub. O, Azərbaycanda 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, ölkədə müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenidən qurulması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi istiqamətində həyata keçirilən köklü islahatları qonaqların diqqətinə çatdırıb. Daha sonra Sverdlovsk vilayətinin hökuməti adından vilayətin xarici iqtisadi əlaqələr nazirinin müavini Oleq Aleksandrin, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Veqner və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Merzlyakova çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik ediblər. Natiqlər Rusiya-Azərbaycan münasibətlərindən, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi, ticarət və mədəni əlaqələrini xüsusi qeyd edərək, əməkdaşlığın gələcəkdə müxtəlif platformalarda daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Tədbirin rəsmi hissəsi iki ölkə və xalqlarımız arasındakı dostluq və tərəfdaşlıq rəmzi olan tortun simvolik olaraq kəsilməsi ilə yekunlaşıb.

Tədbirin mədəni hissəsində gənc istedadlar çıxış ediblər. İlk olaraq, skripka üzrə Rusiya müsabiqələrinin laureatı Saday Ağababayev, ardınca isə Rusiyada keçirilən “Uşaq Yeni Dalğa” televiziya və vokal müsabiqələrinin yarımfinalçısı Ələddin Əliyev canlı musiqi nömrələri təqdim ediblər. Rəsmi qəbulun davamında işğaldan azad edilmiş ərazilərdə aparılan təmir, bərpa və yenidənqurma işləri haqqında videoçarx nümayiş etdirilib, Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən milli musiqi sədaları altında, qonaqlara milli mətbəximizin ləziz təamları və şirniyyatları təqdim olunub. Tədbirin gedişində qonaqlara üzərində Azərbaycan bayrağının təsviri olan xüsusi hazırlanmış peçenyelər paylanıb.

Tədbir yüksək bayram əhval-ruhiyyəsində başa çatıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti