Ümumi məlumat
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Viza almaq üçün ərizə anket portalı
25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.
Portal vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Baş Konsulluğa göndərmək imkanına malik olacaq.
Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Baş Konsulluq vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və sözügedən Portaldan fərqləndirilməlidir.
“Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər.
ÜMUMİ MƏLUMAT
Vizanın anlayışı, növləri, kateqoriya və məqsədləri
Anlayışı
Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.
- Birdəfəlik giriş vizası– bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası- bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
Kateqoriya və Məqsədləri
Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.
- Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
- Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:
- İşgüzar
- Elm
- Təhsil
- Əmək
- Turizm
- Mədəniyyət
- İdman
- Humanitar
- Müalicə
- Şəxsi səfər
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Son yenilənmə tarixi: 22.01.2025