Nikahın pozulması

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər:

 Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

  1. Nikahın pozulması haqqında ərizə;
  2. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  3. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
  4. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
  5. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

  1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
  2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
  3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

  1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:

  • arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
  • ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
  • arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı. 
  • Nikahın pozulmasının qeydə alınması üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
  • azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 

  1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  3. ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Son yenilənmə tarixi: 24.01.2022

Arxiv üzrə axtarış