2020-02-27

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Rusiya Federasiyasının Yekaterinburq şəhərində tədbir keçirilmişdir.

Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiaları və hərbi təcavüzü nəticəsində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımın 28-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğun və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatının birgə təşkilatçılığı ilə, cari ilin 26 fevral tarixində Yekaterinburq şəhərində anım mərasimi keçirilmişdir.  

Tədbiri giriş sözü ilə açan Baş konsul İlqar İskəndərov Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan və XX əsrdə insanlığa qarşı törədilmiş qanlı qətliam – Xocalı soyqırımı və ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş vəhşiliklərdən soydaşlarımıza danışmışdır.  İ.İskəndərov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən bu günədək davam edən “Xocalıya ədalət” beynəlxalq informasiya və təbliğat kampaniyası haqqında məlumat vermiş və kampaniya çərçivəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilməsi və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təbliğat işlərinin görüldüyü barədə bildirmişdir. Baş konsul Xocalı soyqırımının hər bir azərbaycanlı üçün tariximizin unudulmaz səhifəsi olduğunu qeyd etmiş və bu faciə haqqında dünya ictimaiyyətinə davamlı olaraq məlumatların verilməsinin vacibliyini qeyd etmişdir. Diplomat Azərbaycanın işğal olunmuş ərazilərinin tez bir vaxtda qaytarılmasına və ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağına əminliyini bildirmiş və bu cinayətin törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini vurğulamışdır.

Baş konsulun çıxışından sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə daha sonra çıxış edən “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlinski Ermən silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklər və amansızcasına qətlə yetirilmiş qadın, uşaq və yaşlılar haqqında məlumat vermişdir. Ş.Şıxlinski ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən diaspor təşkilat və qurumlarının Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun soyqırımı aktı kimi tanıdılması istiqamətində işlərin aparılması və bunun üçün mühüm addımların atılmasına çağırmışdır.

Tədbirdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə üzvləri, Sverdlovsk vilayətində yaşayan soydaşlarımız və təhsil alan azərbaycanlı gənclər iştirak etmişlər və ermənilər tərəfindən xalqımıza qarşı tarix boyu nümayiş etdirilmiş amansızliq və törədilmiş vəhşiliklər mövzusunda çıxışlar etmişlər. 

Çıxış edən soydaşlarımızın arasında Xocalıda baş verən hadisələrin canlı şahidi olan, Dağlıq Qarabağ bölgəsində gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edən həmvətənimiz Rafiq İsmayılov o dəhşətli günləri xatırlayaraq, erməni silahlıları tərəfində Azərbaycan ərazilərində dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və  Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən danışmışdır.

Tədbir zamanı iştirakçılara Xocalı soyqırımı ilə bağlı sənədli filmlər və fotostendlər nümayiş etdirilmiş və faciəni əks etdirən kitab və nəşrlər təqdim olunmuşdur.

Mərasimin sonunda, Azərbaycan diasporunun dini nümayəndəsi tərəfindən şəhidlərimizin ruhuna dualar oxundu və xatirəsinə ehsan verilmişdir.

Arxiv üzrə axtarış