Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş böyük hərbi cinayətdir
XX əsrin ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində fəaliyyət göstərən “Azərbaycan” təşkilatı tərəfindən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən qurumun rəhbəri Mirhəbib Ağalarov və digər həmvətənlərimiz Xocalı faciəsini törədən cinayətkarların əməllərini pisləyib, bu hadisənin yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş böyük hərbi cinayət olduğunu bildiriblər. Natiqlər bütün ölkələri Xocalı faciəsini soyqırımı kimi tanınmağa çağırıblar.
Mərasimdə Azərbaycan diasporunun gənc nümayəndələri tərəfindən Xocalı soyqırımına həsr olunmuş şerlər səslənib, mahnılar ifa olunub, səhnəciklər göstərilib.
“Kanal S”in yerli televiziya kanalının internet səhifəsində tədbirlə bağlı süjet təqdim olunub. Həmçinin Mirhəbib Ağalarovun Xocalı soyqırımı ilə bağlı müsahibəsi Serov şəhərində buraxılan “Perviy v Serove” jurnalında dərc edilib.