Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Rusiya Federasiyasının Kurqan şəhərində tədbir keçirilmişdir.
Rusiya Federasiyasının Kurqan şəhərində fəaliyyət göstərən “Azərbaycan konqresi” Kurqan regional ictimai təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun dəstəyi ilə, cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbirin əvvəlində iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimi giriş sözü ilə açan ictimai təşkilatın rəhbəri Niftilla Niftullayev iştirakçıları salamlayaraq, 28 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırım haqqında soydaşlarımıza danışmış və bu dəhşətli faciə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın qətlə yetirilməsi, 1275 dinc sakinin əsir götürüldüyü və 155 nəfərin itkin düşdüyü haqda məlumat vermişdir.
Daha sonra tədbirdə çıxış edən Baş konsul İlqar İskəndərov Ermənistanın ölkəmizə qarşı olan ərazi iddialarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və ermənilər tərəfindən Azərbaycanda törədilən terror aktları və Xocalı soyqırımı haqqında danışmışdır. İ.İskəndərov Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi baxımdan qiymət verən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul habelə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq və bu günədək davam edən “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqda məlumat vermiş və kampaniyanın Xocalıda baş vermiş soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi olduğunu vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edən soydaşlarımız Xocalı soyqırımının dünya bəşəriyyətinin dəhşətli faciələrindən biri olduğunu vurğulamışlar, belə hadisələrin gələcəkdə təkrarlanmaması məqsədilə dünya xalqlarının birləşməsinə və bir şüar altında çıxış etməklərinin vacibliyini bildirmişlər.
Sonda, tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmiş və Azərbaycan diasporunun dini nümayəndələri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunulmuş və xatirələri dərin ehtiramla yad edilmişdir.