2022-01-20

Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş konsulluğunda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş konsulluğunda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yekaterinburqda və ətraf şəhərlərdə yaşayan Azərbaycan diasporasının nümayəndələri və Baş konsulluğun əməkdaşları iştirak etmişdir.

Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və daha sonra dövlət himnlərinin səslənməsi ilə başlanan anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunmuş və çıxışlar edilmişdir.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğununun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək, tariximizə “Qara Yanvar” kimi daxil olmuş və Ümumxalq Hüzn Günü kimi anılan 20 yanvarın eyni zamanda, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının nümunəsi olaraq yazıldığını diqqətə çatdırıb. O, bildirmişdir ki, bu tarix, Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynamış, dövlət müstəqilliyimizin bərpa olunmasında dönüş nöqtəsi olmuşdur.

Ş. Mustafayev, bu faciənin baş verməsinin başlanğıc nöqtəsinin, Ermənistanın ötən əsrin 80-ci illərinin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsi ilə əlaqələndirmiş və  SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsinin Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdiyini qeyd edərək, ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusunun beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdiyini bildirmişdir. Habelə, o, faciəvi hadisələrdən dərhal sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini, məhs H. Əliyevin təşəbbüsü ilə 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və  20 Yanvarın – Ümumxalq Hüzn Günü elan edildiyini qeyd etmişdir.

20 yanvar faciəsinin üzərindən 32 il keçməsinə baxmayaraq, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətin hələ də verilmədiyini bildirən Ş. Mustafayev, 20 yanvar hadisəsindən sonra da, erməni işğalçılarının və onların havadarlarının dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünə təcavüzün davam etdiyini, torpaqlarımızın 20%-nin işğal olunduğunu qeyd edib.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulayan natiq, Azərbaycan Respublikasının dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvü olduğunu bildirib.

Daha sonra “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə, Perm vilayət üzrə Azərbaycanlıların İctimail Milli-mədəni cəmiyyətinin sədri Çingiz İsayev, Ural Dövlət Dağ Universitetinin kafedra müdiri, professor Niyaz Vəliyev çıxış edərək, bildirmişlər ki, 20 yanvar 1990-cı ildə baş vermiş faciə xalqımızın tarixinin dönüm nöqtəsi olmuşdur. Habelə, natiqlər, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, ərazi bütövlüyümüzün bərpa olunmasında xalqımızın və şanlı ordumuzun rəşadətindən bəhs etmiş, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulamış, daima dövlətimizin yanında olduqlarını bildirmişlər.  

Anım tədbirinin sonunda, “Qanlı Yanvar”  faciəsini əks etdirən fotoşəkillər tədbir iştirakçılarına nümayiş olunmuşdur.

 

 

 

 

Arxiv üzrə axtarış