2022-02-26

Baş konsulluq tərəfindən Yekaterinburqda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin (AMOR) təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Yekaterinburq şəhərinin Beynəlxalq Ticarət Mərkəzində anım tədbir keçirilmişdir. Tədbirdə Yekaterinburq şəhərində yerləşən diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, Rusiya Federasiyasının Ural Federal dairəsinin Çelyabinsk, Tümen, Surqut, Serov şəhərlərindəki Azərbaycan diaspora təşkilatlarının rəhbərləri, Yekaterinburq şəhərində fəaliyyət göstərən digər xalqların diaspora rəhbərləri və soydaşlarımız iştirak etmişdir.

Anım tədbiri, gün ərzində Beynəlxalq Ticarət Mərkəzinin foyesəndə sərgilənən və Xocalı soyqırımını əks etdirən fotoşəkillərin sərgisi ilə tədbirə gələn qonaqların tanış edilməsi ilə başlamışdır. Sərgi ilə tanışlıqdan sonra tədbir konfrans zalında davam etdirilmişdir. Tədbirin rəsmi hissəsinin açlışından sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himnləri səsləndirilmişdir. Daha sonra Vaqif Mustafayevin müəllifi olduğu və Xocalı soyqırımına həsr olunmuş “Dərdimi çəkirəm” qısametrajlı filmi nümayiş etdirilmiş, filmin nümayişindən sonra çıxış üçün söz Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayevə verilmişdir.

Ş. Mustafayev öz çıxışında, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin nəticəsi olaraq, xalqımıza qarşı mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasətin nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz tarixi torpaqlarından didərgin salınmasından bəhs edərək, erməni daşnaq hərəkatının “Böyük Ermənistan” dövləti qurmaq xəyalını həyata keçirmək üçün ölkəmizin müxtəlif bölgələrində azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş qırğınları tarix faktlarla əsaslandırmışdır. Daşnaq idiologiyasının azərbaycanlılara qarşı soyırım və deportasiya siyasətinin Sovet dövründə də “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdiyini bildirən Ş. Mustafayev, xüsusilə XX əsrin 60-80-ci illərində Ulu öndər Heydər Əliyevin erməni daşnaqlarının Azərbaycan xalqına qarşı həyata keçirmək üçün hazırladıqları planları alt üst etdiyini vurğulamış və məhs bu səbəbdəndir ki, 1987-ci ildə öz çirkin niyyətlərinə çatmaq istəyən M. Qorbaçovun ermənilərin də dəstəyi ilə SSRİ rəhbərliyindən H. Əliyevin uzaqlaşdırılmasını istəmiş və buna da nail olduğunu təəssüflə qeyd etmişdir.

O, XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən hesab olunan Xocalı soyqırımının məhs erməni xislətinin  “məntiqi davamı” olduğunu bildirərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritməsini, misli görünməmiş qəddarlıqla əhaliyə divan tutmasını və şəhərin milli-mədəniyyət varlıqlarının yerlə-yeksan edilməsini pisləmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli soyqırım cinayətinin BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyanın müvafiq maddələri, habelə  Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya, Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi və Azərbaycan Respublikasının milli qanunvericiliyində mövcud olan qanun və fərmanlarla soyqırım aktı kimi tövsif olunduğunu qeyd edən Ş. Mustafayev, dünyanın bir-çox ölkəsinin parlamentinin, bir neçə beynəlxalq təşkilatın və ABŞ-ın 24 ştatının Xocalıda baş verən faciəni soyqırım aktı kimi qəbul etdiyini və siyasi-hüquqi qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda o, Xocalı soyqırımının üzərindən 30 il keçsə də, bu hadisəyə dünya ictimaiəti tərəfindən tam siyasi-hüquq qiymətin verilmədiyini, beynəlxalq ictimaiyətin Xocalı soyqırımının törədilməsinə birbaşa rəhbərlik etmiş və vaxtilə Ermənistanın siyasi rəhbərliyində təmsil olunan cinayətkar rejimin nümayəndələrinin beynəlxalq məhkəmə qarşısında cavab verməsini gözlədiyini xüsusi vurğulamışdır.

Ş. Mustafayev çıxışının sonunda, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü, beynəlxalq hüququn norma və prensiplərini təmin etdiyini, 200 ilə yaxındır xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən aqressiyanın layiqli cavabının verildiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Ural Federal Universitetinin professoru, Azərbaycanşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Aleksandr Nesterev çıxış edərək, ermənilərin mənşəyi və onların tarixi torpaqlarımıza köçürülməsinin qısa tarixindən bəhs etmiş, Xocalı faciəsini törədənləri nasistlərlə eyniləşdirmişdir. 

Tədbir “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskinin çıxışı ilə davam etmişdir. Ş. Şıxlinski öz çıxışında, Xocalı soyqırımı haqqında ətraflı danışaraq, Xocalıda baş verənləri soyqırım aktı kimi qiymətləndirmişdir. Həmçinin, o, 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvətlərinin 30 ildir xalqımıza qarşı olan ədalətsizliyə son qoyduğunu və ərazi bütövlüyümüzü bərpa etdiyini qeyd etmişdir.

Anım tədbirində çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə öz nitqində bildirmişdir ki, Azərbaycan gəncliyi tarixin bütün dövrlərində, habelə Xocalı şəhərində yaşanan soyqırım cinayətini unutmamalı və dünya ictimaiəti bu qəbildən olan cinayət aktlarına göz yummamalıdır.

Tədbirin rəsmi hissəsinin sonunda Çelyabinsk vilayəti “Ozan” Azərbaycan mədəniyyət mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev, Özbəkistanın Yekaterinburq şəhəri üzrə diaspora sədri və Azərbaycanın digər diaspora fəalları Xocalı soyqırımının mahiyyətinə uyğun çıxşlar etmişlər.

 Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Bakı Film” kionstudiyasının təqdimatı ilə “Xoca” filmi nümayiş olunmuşdur.

 

 

 

 

Arxiv üzrə axtarış