2022-05-15

Tümen şəhərində fəaliyyət göstərən Azərbaycan “Odlar Yurdu” diaspor təşkilatının maliyyə dəstəyi ilə Tümen Neft və Sənaye Universitetində (TNSU) Sibirin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun büstünün açılışı olub

AZƏRTAC xəbər verir ki, büst universitetin neft və qaz geologiyası korpusunda qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev, TNSU-nun prorektoru Yuri Vaqanov, Tümen şəhər administrasiyasının idman və gənclər siyasəti departamentinin direktoru Sergey Aleksandroviç, Azərbaycan “Odlar Yurdu” diaspora təşkilatının sədri Fizuli Burciyev və başqaları çıxış edərək, Fərman Salmanovun keçdiyi ömür yolundan, dünya neft sənayesinin inkişafındakı xidmətlərindən və onun xalqlararası münasibətlərin inkişafındakı rolundan danışıblar.

Şöhrət Mustafayev xüsusilə qeyd edib ki, ulu öndər Heydər Əliyev dünyaşöhrətli geoloqun fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayıb, Prezident İlham Əliyev dəfələrlə onunla görüşüb və xidmətlərini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə Fərman Salmanov adına tələbə təqaüdü təsis olunub, təhsil aldığı məktəbə onun adı verilib, doğulduğu Şəmkir şəhərində abidəsi ucaldılıb.

TNSU-nun rektoru Yuri Vaqanov bildirib ki, Fərman Salmanovun taleyi özünə möhkəm inam, işinə sadiqlik nümunəsidir. O vurğulayıb ki, məşhur geoloqun büstünün açılışı Rusiya və Azərbaycan xalqlarının onun xatirəsinə ehtiramını nümayiş etdirir.

Büstün müəllifi İrina Bondarenko diqqətə çatdırıb ki, abidə üzərində işləyərkən F.Salmanov haqqında xeyli arxiv materiallarını öyrənib. “Biz neftin fontan vurduğu ilk anı həkk etdik. Mən onun xarizmasını əks etdirmək istəyirdim. Bu buruqsaç, qaragöz oğlanın baxışları hər zaman yalnız irəliyə zillənib”, - deyə heykəltəraş bildirib.

Tədbirdə TNSU-nun müəllim və tələbə heyəti, Tümen vilayət Dumasının deputatları, ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, F. Salmanovla birlikdə çalışmış geoloqlar iştirak ediblər.

Qeyd edək ki, Fərman Salmanovun xatirəsi Azərbaycanda və Rusiyada əbədiləşdirilib. Bakı, Moskva, Surqut, Xantı-Mansiyskdə onun abidələri ucaldılıb. Surqutda F. Salmanov adına gimnaziya və küçə, neft yatağı var. Rusiyanın “UTair” aviaşirkətinin iki təyyarəsi həmvətənimizin adını daşıyır. 2019-cu ildə Surqut aeroportuna Fərman Salmanovun adı verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

https://azertag.az/xeber/Tumende_efsanevi_geoloq_neftchi_Ferman_Salmanovun_bustu_achilib-2132771

Arxiv üzrə axtarış