2022-09-05

Yekaterinburqda MDB ölkələri ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

02 sentyabr 2022-ci il tarixində Sverdlovsk Dövlət Uşaq Filarmoniyasında Sverdlovsk vilayətinin rəhbərliyi tərəfindən Rusiya Federasiyası ilə #MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Rusiya Federasiyasının Xarici işlər nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Yekaterinburq şəhərinin meri Aleksey Orlov, İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu v.i.e Şöhrət Mustafayevlə yanaşı,  Özbəkistanın, Qırğızstanın və Tacikstanın Yekaterinburqdakı Baş konsulları Abdusalom Xatamov, Ruslan Biybosunov, Zəfər Seydzadə, Belarus Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Yekaterinburqdakı ticari-iqtisadi məsələlər üzrə müşaviri, şöbə rəhbəri Sergey Çiçuk günün mahiyətinə uyğun çıxışlar etmişlər.

Tədbirin mədəni hissəsində digər ölkələrin yaradıcı kollektivi ilə yanaşı Azərbaycan Dövlət Musiqi və Rəqs ansamblının rəhbəri Rena Qolubiçkayanın, həmin ansamblının solisti Turan Əhmədovun və gözəl səsi ilə Azərbaycan mədəniyyətini Rusiyada təbliğ edən müğənni Abil Ələddinoğlunun ifasında Azərbaycan xalq mahnıları "SARIGƏLİN" və "NAZELƏMƏ" musiqisinin sədaları altında Azərbaycan milli rəqs nümunələri nümayiş olunmuşdur.

Peşəkarlığı ilə fərqlənən Azərbaycan yaradıcı kollektivinin nümayiş etdirdiyi mahnı və rəqs nümunələri tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdır.

Arxiv üzrə axtarış