2022-10-06

Baş konsulluğun nümayəndələri Nijnevartovsk şəhərində səfərdə olub

30 sentyabr 2022-ci il tarixində Nijnevartovsk şəhərinin meri cənab Dmitri Koşçenko Aleksandroviç Baş konsul v.i.e Şöhrət Mustafayevi və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Qəbulda cənab mer, öz çıxışında Baş konsulluğun nümayəndə heyətinin Nijnevartovsk şəhərinə səfərini yüksək qiymətləndirdi və bu səfərin qarşılıqlı əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Eyni zamanda, D. Koşçenko, Baş konsulluqla bütün sahələrdə əməkdaşlığa, həmçinin gələcəkdə Nijnevartovsk şəhərində “Azərbaycan mədəniyyət günləri”nin keçirilməsini və ölkəmizin iş adamları ilə neft və qaz sənayesi üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Daha sonra çıxış edən Baş konsul v.i.e Ş. Mustafayev, şəhər merinə və görüşdə iştirak edən şəhərin digər rəhbər şəxslərinə göstərmiş olduqları qonaqpərvərliyə görə təşəkkür etdi və istər mədəniyyət sahəsində, istərsə də iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin zəruriliyini bildirdi.

Arxiv üzrə axtarış