2022-10-06

Baş konsulluğun nümayəndələri Surqut şəhərində səfərdə olub

02 oktyabr 2022-ci il tarixində Surqut şəhərinin merinin müavini xanım Tomazova Anna Nikolaevna Baş konsul v.i.e Şöhrət Mustafayevi və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Qəbulda xanım A. Tomazova, çıxış edərək Baş konsulluğun nümayəndə heyətinin Surqut şəhərinə səfərini yüksək qiymətləndirdi və bu səfərin qarşılıqlı əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, Surqut şəhərinin neft-qaz sənayesi daxil, digər iqtisadi imkanlarından bəhs etdi. Eyni zamanda, o,  Surqut şəhərinin dünyada tanınmasında və regionda neftin kəşf olunaraq dünya səviyyəsində enerji mərkəzinə çevrilməsində dünya şöhrətli geoloq, görkəmli neftçi-alim, həmyerlimiz Fərman Salmanov haqqında danışaraq, onun xatirəsinin şəhər əhalisi tərəfindən əziz tutulduğunu xüsusi vurğuladı. Daha sonra çıxış edən Baş konsul v.i.e Ş. Mustafayev, xanım A. Nikolaevnaya və görüşdə iştirak edən şəhərin digər rəhbər şəxslərinə göstərmiş olduqları qonaqpərvərliyə görə təşəkkür etdi və istər mədəniyyət sahəsində, istərsə də iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin zəruriliyini bildirdi. Eyni zamanda, həmyerlimiz Fərman Salmanovun bu şəhərdə xatirəsinin əziz tutulmasının hər bir azərbaycanlı üçün qürurverici hadisə olduğunu tərəfmüqabillərinin diqqətinə çatdıraraq, təşəkkür etdi. Görüşdən sonra görkəmli neftçi alim F. Salmanovun ev muzeyi nümayəndə heyəti tərəfindən ziyarət olundu. 

 

Arxiv üzrə axtarış