2022-11-04

Yekaterinburq şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və “Şuşa ili”nə həsr olunmuş “Azərbaycan muğam gecəsi” keçirildi

02 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun və UNESCO-nun Azərbaycan üzrə Milli komissiyasının birgə təşkilatçılığı ilə Yekaterinburq şəhərində, Sverdlovsk Dövlət Filarmoniyasının 750 nəfərlik böyük zalında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və “Şuşa ili”nə həsr olunmuş “Azərbaycan muğam gecəsi” keçirildi. Muğam gecəsi Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun möhtəşəm təqdimatı ilə baş tutmuşdur.

“Azərbaycan muğam gecəsi”nin proqramı Furşet, açılış mərasimi və konsert hissələrindən ibarət təşkil olunmuşdur. Gecədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Xarlov Aleksandr Vladimiroviç, Sverdlovsk vilayətinin Xarici iqtisadi əlaqələr nazirinin müavini xanım Berq Lyudmila Nikolaevna, Sverdlovsk vilayətinin mədəniyyət nazirinin müavini Roman Viktoroviç Doroxin, Yekaterinburq şəhərinin merinin müavini xanım Marina Fadayeva, Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin sədr müavini Məmmədov Mayis Pirverdi oğlu, həmçinin çoxsaylı yerli dövlət və hökumət, parlament, elm və təhsil  nümayəndələri, ictimai-siyasi xadimlər, Yekaterinburq şəhərində akkreditə olunan Baş konsulluqların rəhbərləri, Ural, Sibir və Uzaq Şərq federal dairələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri/üzvləri, o cümlədən Yekaterinburq şəhərində yaşayan və təhsil alan həmvətənlərimiz iştirak etmşdir.

Tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səslənməsi ilə başlamış və Baş konsul v.i.e Şöhrət Mustafayevin çıxışı ilə davam etmişdir. Ş. Mustafayev, öz çıxışında bildirmişdir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin tarixi daha qədimdir və ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq siyasəti davam etmişdir. Eyni zamanda, o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün sahələrdə səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunun danılmaz olduğunu ifadə edərək, bu gün də ölkə başçılarımızın qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələr üzrə səmərəli əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini vurğulamışdır. Ş. Mustafayev, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci ildə imzalanmış Müqavilənin əhəmiyyətinə toxunaraq, ölkəmizin Sverdlovsk vilayəti ilə də sıx əməkdaşlığının olduğunu qeyd etmişdir.

Çıxışının davamında, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı imzaladığı Sərəncamın mahiyyətindən danışaraq, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində 270 illiyi qeyd olunan Şuşa şəhərinin zəngin inkişaf yolundan və onun ötən əsrin 70-ci illərində sürətli inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlılığından bəhs etmişdir. Habelə, natiq, 2022-ci ilin “Şuşa ili”nə həsr olunmasının tarixi-mədəni ədalətin növbəti dəfə təzahürü kimi qiymətləndirmiş və müvafiq Sərəncamdan irəli gələrək həyata keçirilən tədbirlərin bir daha Qarabağın əsl sahibinin kim olduğunu tarixi və mədəni həqiqətlərlə dünyanın diqqətinə çatdırılmasında, Qarabağın milli-mənəvi-mədəni ruhunun özünə qaytarılmasında, həm Şuşada, həm də Qarabağın digər ərazilərində yenidənqurma və bərpa işlərinə dünya ictimaiətinin diqqətinin cəlb olunmasında müstəsna əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Rusiya tərəfindən çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Xarlov Aleksandr Vladimiroviç, həmçinin Sverdlovsk vilayətinin qubernatoru Y.V. Kuyvaşevin və Qanunverici məclisin sədri Lyudmila Valentinovna Babuşkinanın təbrik məktublarını oxuyan Xarici iqtisadi əlaqələr nazirinin müavini xanım Berq Lyudmila  Nikolaevna günün anlam və mahiyyətindən bəhs etmiş, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında daima inkişaf edən dostluq münasibətlərindən danışmışdır.

Rəsmi çıxışlardan sonra, tədbir “Qarabağ” muğam qrupunun mükəmməl təqdimatında konsert proqramı ilə davam etmişdir. Konsertin sonunda, Baş konsulluq tərəfindən Xalq artisti Mənsum İbrahimova və onu müşayiət edən əməkdar artistlərimizə gül dəstələri təqdim olunmuş və sənətçilərimizə möhtəşəm performanslarına görə təşəkkür olunmuşdur.

https://azertag.az/xeber/Yekaterinburqda_Azerbaycan_mugam_gecesi_kechirilib_VIDEO-2361515 

 

Arxiv üzrə axtarış