2023-01-19

Baş konsulluqda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirildi

Tədbirdə Azərbaycan diasporasının nümayəndələri və Baş konsulluğun əməkdaşları iştirak etmişdir.

Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və daha sonra dövlət himnlərinin səslənməsi ilə başlanan anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunmuş və çıxışlar edilmişdir.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğununun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək, 33-cü ildönümünü andığımız 20 yanvar 1990-cı il hadisələrinin, eyni zamanda həmin əsrin əvvəllərində olduğu kimi, bir daha Azərbaycan xalqının iradəsinin sarsılmazlığının və daima öz müqəddəratına sahib çıxa biləcək qüdrətdə olmasının təsdiqi olaraq diqqətə çatdırmışdır.  O, ən yeni tariximizə “Qara Yanvar” kimi yazılan 20 yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüm nöqtəsi olaraq, milli kimliyimizin formalaşmasında və dövlət müstəqilliyimizin bərpa olunmasında həlledici amil olduğunu qeyd etmişdir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin birbaşa əmri ilə 26.000 nəfərlik Sovet ordusunun ölkəmizin Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilməsi nəticəsində 147 mülki şəxsin qətlə yetirilməsini, habelə 744 nəfərin ağır xəsarət almasının bütün dünyada ciddi narahatçılıqla qarsalandığını diqqətə çatdıran natiq, ermənilərin ötən əsrin 80-ci illərinin sonundan Azərbaycana qarşı əsassız ərazi iddialarının, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyətinin, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsinin, yüz minlərlə azərbaycanlının zor gücü ilə qəddarcasına indiki Ermənistandan deportasiya edilməsinin Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdiyini xüsusi vurğulamışdır. Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədi ilə ölkəyə yeridilən sovet ordusunun beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətməsini insanlıq əleyhinə cinayət kimi qiymətləndirmişdir.

Ş. Mustafayev öz çıxışında qeyd etmişdir ki, Sovet ordusu tərəfindən Bakıda törədilən kütləvi qırğın bütün dünyada böyük narahatlıqla qarşılansa da, “Qanlı Yanvar” hadisəsinə ilk həqiqi siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, O, faciədən dərhal sonra  özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş və Kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmişdir. H. Əliyev mətbuata açıqlamasında: -   xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmiş və Azərbaycan xalqının kədərini bölüşmüşdür. Eyni zamanda, onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, həmin ilin mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilmişdir.

Çıxışının sonunda natiq,  tarixin bütün dövrlərində olduğu kimi, keçən 33 ildə də baş verən bütün tarixi, siyasi və hüquqi ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının mətn xalq kimi daima öz ayaqları üzərində durmağı bacardığını, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və hazırda ölkəmizin dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvünə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bir daha sizin hüzurunuzda, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizi dərin hörmətlə yad edir, ruhları qarşısında ehtiramla baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha sonra  diaspora fəalı Q. Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyi adından Tural Eyyubov çıxış edərək, 20 yanvar 1990-cı ildə baş vermiş faciənin xalqımızın tarixində silinməz izlər buraxdığını qeyd etmişlər. Habelə, natiqlər, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın və şanlı ordumuzun rəşadətindən bəhs edərək, ərazi bütövlüyümüzün bərpa olunması ilə  şəhidlərimizin qanının yerdə qalmadığını vurğulamışlar. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların daima dövlətimizin yanında olduqlarını bildirmişlər.  

Anım tədbirinin sonunda, “Qanlı Yanvar” faciəsini əks etdirən fotoşəkillər tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Arxiv üzrə axtarış