25 fevral tarixində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Surqut şəhərində Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və həmin şəhərdə fəaliyyət göstərən "Azərbaycan-Birlik" təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Baş konsulluğun nümayəndələri, Surqut şəhərində yaşayan həmvətənlər, universitet müəllimləri, Koqalımda yaşayan diaspor, habelə yerli ictimaiyyətin nümayəndələri anım tədbirində iştirak ediblər, soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş fotosərgi ilə tanış olaraq, fotoguşələrin qarşısına gül dəstələri qoyublar. Bundan sonra tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Dövlət Himnlərinin səsləndirilməsindən sonra Xocalı soyqırımından bəhs edən “Dərdimi çəkirəm” adlı qısametrajlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, "Azərbaycan-Birlik" Təşkilatının sədri Azad Seyidov, qurumun sədr müavini Amil Abbasov, Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Xalıq Tağızadə, 6-cı sinif şagirdi Sadiq Abbasov və Surqut Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Çingiz Bağırov Xocalı soyqırımı haqqında ətraflı danışaraq, günahkarların cəzalandırılmasını, o cümlədən 1948-ci il "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyanın müvafiq maddələrinə görə, soyqırım aktı kimi tövsif olunan Xocalıya beynəlxalq hüquqi qiymətin veriləcəyi günü səbirsizliklə gözlədiklərini qeyd ediblər. https://azertag.az/xeber/2507297
Xocalıya Ədalət
Справедливость Ходжалы
Justice for Khojaly