Novosibirskdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib
May ayının 4-də Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və UNESCO üzrə Azərbaycan milli komissiyasının təşkilatçılığı ilə Arnold Kats adına Novosibirsk Dövlət Filarmoniyasının 850 nəfərlik Salonunda keçirilən gecədə Novosibirsk Qanunvericilik Məclisinin, şəhər meriyasının, diplomatik korpusun, ictimaiyyətin, diasporun nümayəndələri iştirak ediblər. Tədbirin proqramı furşet, sərgi, rəsmi və mədəni hissədən ibarət olub.
Konsert salonunun foyesində Ulu Öndər Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, Baykal-Amur Magistralının tikintisində iştirak edən inşaatçılar ilə görüşlərini əks etdirən fotosərgi təşkil olunub.
Tədbirin əvvəlində “Heydər Əliyev-Rusiyadan baxış” filmi nümayiş etdirilib.
Gecəni açan Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılması və inkişafında, Azərbaycan-Rusiya strateji əməkdaşlıq münasibətlərinin formalaşmasında müstəsna xidmətlərindən danışıb. Ş.Mustafayev Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə rəhbərlik etdiyi sahələrin inkişafına verdiyi töhfələrdən söz açıb.
Rusiya Xarici İşlər Nazirliyinin Sibir Federal Dairəsindəki nümayəndəliyinin rəhbəri Nikolay Afoanasov çıxışında bildirib ki, Rusiya ilə Azərbaycanı ümumi tarix, sıx humanitar və iqtisadi əlaqələr, ən əsası isə dostluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli şəxsiyyətlər birləşdirir. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. “Heydər Əliyev Rusiya ilə münasibətlərə xüsusi önəm verirdi. Azərbaycanın milli maraqlarının qorunmasına yönəlmiş bu yanaşmaya o, ömrünün sonunadək sadiq qaldı. Ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın formalaşmasında Heydər Əliyevin xidmətləri böyükdür”, - deyə o bildirib.
Diplomat Ulu Öndər Heydər Əliyevin irsinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayaraq deyib: “Məhz buna görə biz gələcəyə nikbinliklə baxırıq və əminik ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək”.
Novosibirsk vilayəti Qanunvericilik Məclisi sədrinin müavini Mayis Məmmədov vilayət Qanunvericilik Məclisinin sədri Andrey Şimkivin salamlarını və təbriklərini mərasim iştirakçılarına çatdırıb. “Bu günlər təkcə Azərbaycanda deyil, Rusiyanın iri şəhərlərində də Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur. Sibirin paytaxtı sayılan Novosibirsk də istisna deyil. Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında qarşılıqlı etimada söykənən münasibətlər ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəm təməlini qoyub. Rusiyada yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanda yaşayan ruslar cəmiyyətin fəal üzvləridir və bu, ilk növbədə, Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Bizim vəzifəmiz bu dostluq əlaqələrini qoruyub saxlamaq və inkişaf etdirməkdir”, - deyə Mayis Məmmədov vurğulayıb.
Novosibirsk şəhər merinin müavini Gennadi Zaxarov mer Anatoli Lokotun salamlarını və təbriklərini mərasim iştirakçılarına çatdırıb. O qeyd edib ki, Azərbaycanın və keçmiş SSRİ-nin görkəmli dövlət xadimi Heydər Əliyevin Rusiya ilə əlaqələrin inkişafında böyük xidmətləri var. “Bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Bizim xalqlarımız dostdurlar və əminəm ki, bu münasibətlər daha da möhkəmlənəcək”, - deyə G.Zaxarov bildirib.
Təntənəli gecə “Bakı virtuozları” kamera orkestrinin ifasında Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət konsertlə davam edib. Konsert boyu səhnədə quraşdırılmış ekranda Ulu Öndərlə bağlı sənədli kadrlar, böyük Liderin Azərbaycan mədəniyyət və incəsənət xadimləri, o cümlədən Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov ilə görüşlərini əks etdirən görüntülər nümayiş olunub.
https://azertag.az/xeber/2604320 https://video.azertag.az/site/video/174221