Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Yekaterinburq” Kitabxana Mərkəzində “Azərbaycan guşəsi” açılıb
Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə "Yekaterinburq" Kitabxana Mərkəzində yenilənmiş “Azərbaycan guşəsi”nin açılış mərasimi baş tutdu. Açılış mərasimində Baş konsul v.i.e Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin Beynəlxalq Xarici İqtisadi Əlaqələr Nazirliyinin (BXİƏN) xarici iqtisadi əlaqələr və humanitar əməkdaşlıq departamentinin direktoru Yevgeni Vladimiroviç Losev, şəhər meriyasının mədəniyyət idarəsinin rəis müavini Lyubov Yuriyevna Bondarenko, Kitabxananın direktoru Alyona Vuqelman, RF XİN-nin Yekaterinburq nümayəndəliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, müxtəlif universitetlərin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun nümayəndələri iştirak edirdi.
Yenilənmiş “Azərbaycan guşəsi”nin rəsmi açılışı baş konsul v.i.e Ş. Mustafayev, BXİƏN-nin departament rəisi Y.V. Losev və şəhər meriyasının mədəniyyət idarəsinin rəis müavini L.Y. Bondarenko tərəfindən həyata keçirildi.
Açılış mərasimindən sonra tədbir iştirakçıları proqrama uyğun olaraq, “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisində” foto sərgisi ilə tanış olduqdan sonra “Heydər Əliyev və elmə baxış” mövzulu konfransda iştirak etdilər. Konfransda kitabxananın direktoru A. Vuqelman, baş konsul v.i.e Ş. Mustafayev, BXİƏN-nin departament rəisi Y.V. Losev, şəhər meriyasının mədəniyyət idarəsinin rəis müavini L.Y. Bondarenko, Ural Dövlət Mədən Universitetinin professoru Vladislav Petroviç Belyaev, Ural Dövlət İqtisad Universitetinin dosenti Müşfiq Ağababayev və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəsi Toğrul Həsənzadə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, o cümlədən Sovet və Azərbaycan kitabxanaçılığına töhfələrindən, elmin və təhsilin inkişafındakı xidmətlərindən, gəncliyə daima göstərdiyi diqqət və qayğısından bəhs etdilər. Çıxışlardan sonra Yekaterinburq Tibb Kollecinin azərbaycanlı tələbəsi Sofiya Bəxtiyarova fleytada Azərbaycan melodiyalarını ifa edib.
Tədbirin sonunda iştirakçılara xalqımızın zəngin şirniyyat taamları ilə çay-kofe təqdim olundu. https://azertag.az/xeber/Yekaterinburq_Kitabxana_Merkezinde_Azerbaycan_gusesi_achilib-2610191