Yekaterinburqda Azərbaycanın Müstəqilliyi Günü və Ümummilli Liderin 100 illik yubileyi qeyd olunub
Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə 28 May – Azərbaycan Respublikasının Müstəqilliyi Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli qəbul təşkil olunub. Qəbulda Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Yekaterinburq şəhər merinin birinci müavini İqor Sutyagin, çoxsaylı hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun rəhbərləri, Baş Konsulluğun əhatə dairəsindəki şəhərlərdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, Yekaterinburq şəhərində yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Yekaterinburq şəhər merinin birinci müavini İqor Sutyagin, yerli özünüidarəetmə, mədəni-informasiya siyasəti və ictimaiyyətlə əlaqələr komissiyasının sədri İra Ovchinnikova, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin deputatı, Parlamentlərarası Fəaliyyət Komissiyasının sədri Vyaçeslav Veqner və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski çıxış edərək Azərbaycan-Rusiya münasibətlərindən, Ümummilli Lider Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışıb və bu münasibətlərin davamlı olması üçün dövlət başçıları İlham Əliyev və Vladimir Putinin danılmaz xidmətlərindən bəhs ediblər.
Rəsmi qəbul Baş Konsulluq tərəfindən Ümummilli Lider Heydər Əliyevin sevimli musiqilərindən ibarət hazırlanmış və onun 100 illik yubileyinə həsr olunmuş videoçarxda səsləndirilən musiqi incilərinin sədaları altında təntənəli şəraitdə davam edib. Qonaqlara Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə çap olunmuş «Гейдар Алиев – взгляд из России» kitabı təqdim olunub.