2023-05-29
Yekaterinburqda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə minifutbol turniri keçirilib
Mayın 28-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB-AMOR) Sverdlovsk vilayətindəki nümayəndəliyinin təşkilatı dəstəyi ilə Ural Federal Dairəsi üzrə Azərbaycanlı gənclər arasında 2-ci mini-futbol turniri keçirilib. Turnirdə Sverdlovsk vilayətindən 7 (УГМУ, Azclub UrFU, Mübariz, Triazia, Laçın, AMOR-Yekaterinburq, Kaspiy UrFU), Çelyabinsk (Qarabağ), Kurqan (Odlar Yurdu) və Tümen (Neftçi) şəhərlərindən 1 komanda olmaqla ümumilikdə 10 komanda iştirak edib. Turnirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Dövlət himnləri səsləndirildikdən sonra baş konsul v.i.e Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin bədən tərbiyəsi və idman nazirinin müavini Nabokix Sergey Mixayloviç, RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolundan, onun istər Sovetlər İttifaqı dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə idmana, futbola göstərdiyi diqqət və qayğısından danışıblar və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyindən bəhs ediblər. Çıxışlardan sonra turnirin şərtlərinə uyğun olaraq püşkatma yolu ilə müəyyən edilmiş qruplarda oyunlara start verilib.
Oyunların nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib:
1-ci yer - Neftçi (Tümen)
2-ci yer - Azklub UrFU (Yekaterinburq)
3-cü yer - Odlar Yurdu (Kurqan)
İlk 3 yeri tutmuş komandalara turnirin kuboku, medallar, diplomlar və Baş Konsulluq tərəfindən əlavə olaraq müxtəlif məbləğdə pul mükafatları təqdim olunub. Turnirdə qalib komandalarla yanaşı, ən yaxşı oyunçu, ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi, ən yaxşı bombardir və ən yaxşı hakim nominasiyaları da yer alıb. Yer tutmayan komanda üzvləri turnirdə iştirak etdiklərinə görə, təşəkkürnamə ilə mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində baş konsul Şöhrət Mustafayev, Baş Konsulluğun əməkdaşları, “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski və RAGB-in Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə yuxarıda qeyd olunan kateqoriyalar üzrə qaliblərə mükafatlar təqdim ediblər.