Baş konsulluq tərəfindən Xantı-Mansiysk Muxtar Dairəsinin Koqalım şəhərində səyyar konsulluq qəbulu həyata keçirilib
02 sentyabrda Baş konsulluq tərəfindən Xantı-Mansiysk Muxtar Dairəsinin Koqalım şəhərində (il ərzində 8-ci) səyyar konsulluq qəbulu həyata keçirilib.
Səyyar qəbulda Koqalım və ətraf şəhərlərdən gələn vətəndaşlarımızı maraqlandıran suallar tərəfimizdən cavablandırılıb, onların konsulluq-miqrasiya sahəsində qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparılıb, gələcəkdə vətəndaşla Baş Konsulluq arasında daha səmərəli işin qurulması üçün müvafiq qeydlər götürülüb.
Qəbula gələn vətəndaşlara bir daha Baş konsulluqda konsulluq xidmətləri üzrə tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında ətraflı məlumat verilib, həmin şəhərlərdə yaşayan vətəndaşlarımızın konsulluq əməliyyatları ilə bağlı müraciətləri yerində qəbul olunub.
Səyyar konsulluq qəbulunda cari ilin iyul ayında Baş Konsulluğun inventarına daxil edilmiş yeni səyyar pasport avadanlığı səyyar konsulluq qəbulunda uğurla sınaqdan keçirilib və bununla bağlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm ölkə daxilində, həm də ölkə xaricində vətəndaşlarımıza dövlət xidmətlərinin daha keyfiyyətli göstərilməsinin və vətəndaş məmnunluğunun təmin edilməsinin dövlətimizin siyasi xəttinin əsas tərkib hissəsi kimi qəbul olunduğu vətəndaşların diqqətinə çatdırılıb. Səyyar pasport avadanlığının təqdimatı və təcrübədən keçirilməsi Koqalım və ətraf şəhərlərdən səyyar konsulluq qəbuluna gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.