2023-09-24

Vladivostokda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib

20.09.2023 - Vladivostok şəhərinin M. Qorki adına Primorski Akademik Dram Teatrının böyük zalında Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun və Primorski diyarının “Dostluq” təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçirilib. Əvvəlcə teatırın banket zalında rəsmi qonaqlar milli şirniyyat təamlarımızla bəzədilmiş çay süfrəsinə dəvət olunublar və sonra tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən foto sərgi ilə yaxından tanış olublar. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə çəkilmiş “Heydər Əliyev - Rusiyadan baxış” filminin nümayiş olunması ilə başlayıb. Rəsmi hissə dövlət himnlərinin səslənməsi, daha sonra Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayevin, Primorski diyarının Daxili siyasət departamentinin şöbə müdiri Viktor Ablapov, Primorski diyarı Xalqları Məclisinin sədri Alekseevna Qalina Vasilievnanın, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Səfərovun,  Primorski diyarının “Dostluq” təşkilatının sədri Ramiz Zeynalovun çıxışları ilə davam edib. Natiqlər Ümummilli Liderin həyatından, müstəqil Azərbaycan Respublikasının inkişafındakı rolundan və Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsindəki verdiyi töhfələrdən bəhs ediblər. Tədbirin mədəni hissəsi Azərbaycan Respublikasının Xalq artisti Niyaməddin Musayevin, o cümlədən yerli xalqların mədəniyyət kollektivlərinin mahnı və rəqs nümunələri ilə davam edib. Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Vladivostok üzrə nümayəndəliyinin rəhbəri, Xüsusi tapşırıqlar üzrə Səfir  Brovareç Andrey Petroviç, Primorski diyarının Qanunvericilik Məclisinin deputatları, Vladivostok şəhərində akkreditə olunmuş diplomatik korpusun diplomatları, Uzaq Şərq Federal Dairəsinin Kamçatka, Maqadan, Yakutski, Xabarovsk, Blaqoveşenski və Çita vilayətlərinin Azərbaycan diasporlarının sədrləri, həmçinin şəhər ictimaiətinin nümayəndələri və Vladivostok şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan diasporunun nümayəndələri ilə birlikdə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ehtiram əlaməti olaraq, "əbədi məşəl" önünə gül dəstələri qoyulub.

https://azertag.az/xeber/vladivostokda_heyder_eliyevin_100_illik_yubileyi_munasibetile_tenteneli_tedbir_kechirilib-2757070

Arxiv üzrə axtarış