2023-12-13

Yekaterinburq şəhərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

12 dekabrda Yekaterinburq şəhərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Belə ki, Yekaterinburq şəhərinin 11 saylı orta ümumtəhsil məktəbinin nəzdində fəaliyyət göstərən “Oazis” özəl Azərbaycan Dili Tədris Mərkəzində açıq dərs keçirilib. Baş Konsulluğun kollektivinin müşahidəçi kimi, iştirak etdiyi açıq dərsdə Mərkəzin müəlliməsi Aytən Vilayət qızı Baxşıyeva şagirdlərə Ümummilli Liderin siyasi həyatından, xalqımıza olan məhəbbətindən, Qarabağ zəfəri və onun memarı, Ulu Öndərin layiqli davamçısı, cənab Ali Baş Komandan İlham Əliyevin böyük liderlik keyfiyyətləri haqqında danışmış və dərsin sonunda şagirdlər tərəfindən Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeir kompozisiyası səhnələşdirilmişdir.

Daha sonra Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş növbəti tədbir Baş Konsulluqda keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq onun büstü önünə gül dəstələrinin qoyulması və xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Baş konsul v.i.e Şöhrət Mustafayevin, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadənin və digər natiqlərin çıxışları ilə davam edib. Natiqlər Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı müstəsna rolundan bəhs ediblər.

Arxiv üzrə axtarış