2024-01-19

Baş Konsulluqda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirildi

18 yanvarda Baş Konsulluqda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri və Baş Konsulluğun əməkdaşları iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunub və çıxışlar edilib.

Baş Konsulluğun başçısı v.i.e Şöhrət Mustafayev tədbirdə çıxış edərək, 34-cü ildönümünü andığımız 20 yanvar 1990-cı il hadisələrinin, XX əsrin əvvəllərində olduğu kimi, bir daha Azərbaycan xalqının iradəsinin sarsılmazlığının və daima öz müqəddəratına sahib çıxa biləcək qüdrətdə olmasının təsdiqi olaraq diqqətə çatdırıb. O, ən yeni tariximizə “Qara Yanvar” kimi yazılan 20 yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüm nöqtəsi olaraq, milli kimliyimizin formalaşmasında və dövlət müstəqilliyimizin bərpa olunmasında həlledici amil olduğunu qeyd edib.

Çıxışının sonunda natiq,  tarixin bütün dövrlərində olduğu kimi, keçən 34 ildə də baş verən bütün tarixi, siyasi və hüquqi ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının mətn xalq kimi daima öz ayaqları üzərində durmağı bacardığını, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və hazırda ölkəmizin dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvünə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayev və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə çıxış edərək, 20 yanvar 1990-cı ildə baş vermiş faciənin xalqımızın tarixində silinməz izlər buraxdığını qeyd ediblər. Habelə, natiqlər, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın və şanlı ordumuzun rəşadətindən bəhs edərək, ərazi bütövlüyümüzün bərpa olunması ilə  şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların daima dövlətimizin yanında olduqlarını bildirmişlər.  

Anım tədbirinin sonunda, “Qanlı Yanvar” faciəsini əks etdirən fotoşəkillər tədbir iştirakçılarına nümayiş olunub.

Arxiv üzrə axtarış