2024-01-29

Yekaterinburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü açılıb

26 yanvarda Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biri, dünyada, o cümlədən ölkəmizdə uğurlu məzunları ilə yaxşı tanınan Ural Federal Universitetində (UrFU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirildi. Tədbirdə UrFU-nun rektoru cənab Kokşarov Viktor Anatolyeviç, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini xanım Berq Lyudmila Nikolaevna, baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Humanitar İnstitutunun direktoru xanım Elvira Evaldovna Simanyuk, büstün müəllifi, Ural Dövlət Rəssamlıq Akademiyasının professoru xanım Valentina Stepanovna Sokolova çıxış edərək, ölkələrarası təhsil və mədəni-humanitar əlaqələrin inkişafından, bu əlaqələrin dərinləşməsində ədəbiyyat və incəsənətin böyük əhəmiyyətindən, bu kontekstdə UrFU-nun Azərbaycanşünaslıq Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünun  qoyulmasının əlamətdar hadisə olduğundan bəhs ediblər. Açılış mərasimində dahi Nizaminin əsərləri universitet tələbələrinin ifasında Azərbaycan və rus dillərində səsləndirilib.

Tədbirdə diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.

https://azertag.az/xeber/yekaterinburqda_dahi_azerbaycan_sairi_nizami_gencevinin_bustu_achilib-2898067 

https://www.youtube.com/watch?v=OyU5Lbr1NVk 

Arxiv üzrə axtarış