2024-03-19

Yekaterinburqda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Novruz bayramı qeyd olunub

18 martda Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında Baş Konsulluğun təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun canlı ifası ilə, müxtəlif bayram ənənələrini özündə əks etdirən səhnəciklər və bayram taamlarının təqdimatı ilə ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə  həsr olunmuş Novruz bayramı tədbiri keçirilib. Tədbirin keçirildiyi məkan Novruz bayramı ənənəsini özündə əks etdirən bayram atributları – səmənilərlə, bayram xonçaları ilə, müxtəlif boyalarla boyanmış yumurtalarla, milli şirniyyatlarla, milli taamlarla, şamlarla, o cümlədən milli musiqi alətlərimiz və digər milli dəyərlərimizin simvolları ilə, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”, Novruz bayramı və digər banerləri ilə bəzədilib. Bayram tədbirində Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu Azərbaycan musiqisini, tarixin dərinliklərindən süzülərək gələn muğam sənətimizi yüksək peşəkarlıqla təqdim edib.

Bayram tədbirinin rəsmi hissəsində, Baş konsul v.i.e Ş.R. Mustafayev, RF XİN-nin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri A. V. Xarlov, Sverdlovsk vilayətinin qubernatorunun müavini V.V. Kozlov, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) T.G. Merzlyakova, Rusiya Federasiyası Dövlət Dumasının deputatı S.V. Çepikov, Yekaterinburq şəhər başçısının müavini D.Y. Nojenko, Sverdlovsk vilayətinin İctimai Palatasının sədri A.Y. Levin və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski, Tümen vilayətinin Qanunvericilik Məclisinin deputatı E. Ömərov və Sverdlovsk vilayətinin qanunvericilik məclisinin deputatı V.M. Veqner çıxış edərək, Novruz bayramından bəhs ediblər, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təsis olunmasının 30 illik yubileyi ilə bağlı qısa tarixi arayış oxunub. Daha sonra səhnəyə Kosa, Keçəl və Bahar qızı dəvət olunub və natiqlərlə Novruz bayramının simvollarından biri kimi qəbul olunan “yumurta döyüşmə” oyunu canlı olaraq səhnələşdirilib.  

Tədbirdə Sverdlovsk vilayətinin dövlət və hökumət nümayəndələri, qanunvericilik məclisinin üzvləri, Yekaterinburq şəhərində akkreditə olunan diplomatik korpusun təmsilçiləri, şəhər meriyasının rəhbərliyi, universitet rektorları, yerli ictimaiətin və Ural Federal dairəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri, azərbaycanlı tələbələr iştirak ediblər. 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Novruz bayramı şənliyi Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun təqdimatında milli musiqi nümunələrimizin, Kosa, Keçəl və Bahar qızının səhnəciklərinin, Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən hazırlanan və Novruz ənənələrini özündə əks etdirən video-çarxların nümayişinin, Yekaterinburq şəhərində yaşayan, 2000-ci illərin əvvəllərində Azərbaycanda ən məşhur gənc musiqi qruplarından biri hesab olan “N-brothers” qrupunun üzvü Anar Cəfərovun musiqi nümunələrinin,  habelə milli mətbəximizin taamlarının, o cümlədən Novruz bayramının atributlarından olan milli şirniyyatlarımızın təqdimatı ilə yüksək əhval-ruhiyyədə davam edib. Musiqili-əyləncəli proqramda təqdim olunan milli musiqi nümunələrimiz, milli-Novruz atributlarımız, milli mətbəximizin müxtəlif taamları tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb olub.

Arxiv üzrə axtarış