Novosibirsk şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib
24.05.2024 - Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Novosibirsk şəhərinin “Grand Autograph Novosibirsk” otelində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Qəbulda hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Novosibirskdə yaşayan diaspor nümayəndələri, eləcə də bu şəhərdə təhsil alan soydaşlarımız iştirak ediblər.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Rusiya XİN-in Novosibirskdəki nümayəndəliyinin rəhbəri Nikolay Afonasov, Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Mayis Məmmədov, Novosibirsk vilayəti regional siyasət nazirinin müavini Dmitri Petrov, Novosibirsk şəhəri merinin müavini Maksim Ostanin tədbirdə çıxış ediblər. Onlar Azərbaycan-Rusiya münasibətləri, ölkəmizin RF-in regionları, o cümlədən Novosibirsk vilayəti ilə iqtisadi əməkdaşlığı, dövlət başçıları İlham Əliyev və Vladimir Putinin əlaqələrin möhkəmləndirilməsində böyük xidmətləri barədə danışıblar.
Ş.Mustafayev çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək COP29 İqlim Konfransının əhəmiyyətindən bəhs edib.
Tədbirin rəsmi hissəsi tortun simvolik kəsilməsi ilə başa çatıb.
Sonra musiqili proqram və milli mətbəxin təqdimatı olub.
https://azertag.az/xeber/novosibirskde_azerbaycanin_musteqillik_gunu_qeyd_olunub-3022110