Yekaterinburq şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib
28.05.2024 – Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May - Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Qəbulda dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Sverdlovsk vilayətində və ətraf vilayətlərdə yaşayan diaspor nümayəndələri, eləcə də bu şəhərdə təhsil alan soydaşlarımız iştirak ediblər.
Tədbir 28 may Müstəqillik Günü ilə bağlı xüsusi hazırlanmış stendin qarşısında qonaqların qarşılanması və Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnlərinin səslənməsi ilə başlayıb və çıxışlarla davam edib.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Rusiya XİN-in Yekaterinburq nümayəndəliyinin rəhbəri Aleksandr Vladimiroviç Xarlov, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Oleq Sergeyeviç Aleksandrin, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Georgievna Merzlyakova, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Valentinovna Babuşkinanın adından parlamentlərarası fəaliyyət üzrə komissiyasının sədri Vyaçeslav Mixayloviç Veqner, Yekaterinburq merinin vəzifələrini icra edən İqor Yevgenieviç Sutyagin və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski tədbirdə çıxış ediblər. Natiqlər müsbət dinamika üzrə inkişaf edən ölkələrarası münasibətlərdən, ölkəmizlə Sverdlovsk vilayəti arasında mövcud olan iqtisadi və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafından, bu istiqamətdə hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun əhəmiyyətindən, cari ilin may ayında “Rusiya – İslam Dünyası: Kazan İqtisadi Forumu” çərçivəsində vilayət rəsmilərinin ölkəmizin iqtisadi qurumları ilə səmərəli görüşlərindən və Azərbaycan ilə Sverdlovsk vilayəti arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin digər platformalarda da inkişaf tempindən bəhs ediblər.
Əlavə olaraq, Ş.Mustafayev çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs edib.
Tədbirin rəsmi hissəsi xalqlarımızın dostluq rəmzinə ithaf olaraq tortun simvolik kəsilməsi ilə başa çatıb.
Qəbulun həm rəsmi, həm də mədəni hissəsində bu il ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 haqqında video çarxlar və banerlər, o cümlədən xalqımızın mədəniyyət incilərindən ibarət guşə qonaqlara nümayiş olunub.
Daha sonra rəsmi qəbul milli mətbəximizin ləziz təamlarının təqdimatı ilə canlı musiqi sədaları altında və şən əhval-ruhiyyədə davam edib.