2024-08-12

Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2024 İrbit yarmarkası”nda ölkəmiz yüksək səviyyədə iştirak edib

Cari ilin 09-10 avqust tarixlərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun təşəbbüsü, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin iştirakı ilə Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2024 İrbit yarmarkası”nda ölkəmiz yüksək səviyyədə iştirak edib. Festivalda ölkəmiz üçün ayrılan ərazidə “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatı tərəfindən 60 kv.m. ölçüsündə milli ornamentlərimizi və ölkəmizin şəhərlərinin adlarını (Şuşa, Xankəndi, Şirvan, Naxçıvan, Gəncə, Bakı, Lənkəran, Qazax və.s)  özündə əks etdirən xüsusi çadır qurulmuşdur. Çadırın içərisi milli musiqi alətlərimizlə bəzədilmiş və ziyarətçilərə milli musiqimizin sədaları altında Azərbaycan mədəniyyətinin bütün çalarları, o cümlədən milli mətbəximizin müxtəlif taamları və milli şirniyyatlarımızla çay süfrəsi təqdim olunub. Azərbaycan çadırını çoxsaylı qonaqlarla yanaşı, Sverdlovsk vilayətinin qubernatoru cənab Y.V. Kuyvaşev, Sverdlovsk vilayətinin birinci qubernatoru Eduard Erqartoviç Rossel, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Georgievna Merzlyakova, müxtəlif rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri ziyarət edərək, çadırda nümayiş olunan mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar, milli mətbəximizin taamlarından dadmışlar, çay süfrəmizə qonaq olaraq ölkəmizin zəngin mədəniyyəti haqqında xoş ifadələr səsləndirmişlər.

Arxiv üzrə axtarış