2024-09-27

Baş Konsulluqda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, habelə bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq  27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış guşənin önünə gül dəstələrinin qoyulması ilə başlayıb.  Daha sonra tədbiri giriş nitqi ilə açan Baş konsul v.i.e Şöhrət Mustafayev çıxış edərək, Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb və Azərbaycan Silahlı Qüvvətlərinin 44 günlük Vətən müharibəsindəki qəhrəmancasına mübarizəsindən bəhs edib. Həmçinin o, qeyd edib ki, bu gün olduğu kimi, Vətən müharibəsində də Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında hamılıqla birləşərək tarixi ədaləti bərqərar edib. Anım Günü tədbiri “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskinin və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam edib. Onlar öz çıxışlarında Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpa olunmasındakı müstəsna rolundan və cənab Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin haqlı mövqeyindən, Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən bəhs ediblər. 

Tədbirdə Baş konsulluğun kollektivi ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Arxiv üzrə axtarış