Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Xantı-Mansiysk Muxtar Dairəsində işgüzar səfərdə olub
29 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Xantı-Mansiysk Muxtar Dairəsinə 1 günlük işgüzar səfəri baş tutub. Səfər çərçivəsində səfirin ilk görüşü Yuqra Dövlət Universitetinin (YDU) rektoru Roman Viktoroviç Kuçinlə və onu müşayiət edən XM Dövlət Tibb Akademiyasının rektoru v.i.e Aleksandra Viktorovna Nexoroşevayla baş tutub. Görüşdə səfiri salamlayan rektor R.V. Kuçin, bildirib ki, rəhbərlik etdiyi universitetinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq sazişi imzalayıb. Sözü gedən əməkdaşlıq sazişləri çərçivəsində keçən dövr ərzində tələbə mübadiləsi daxil müxtəlif istiqamətlər üzrə əməli addımların atıldığını qeyd edən rektor, qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində konkret layihələrinin olduğundan bəhs edib. Bununla yanaşı, o, 2019-cu ildən etibarən hər il XMMD-nin müxtəlif şəhərlərində (Xantı-Mansiysk, Surqut, Nijnevartovsk) görkəmli azərbaycanlı neftçi alim və geoloq Fərman Salmanov adına Beynəlxalq Neft Akademik Konqresinin keçirildiyini səfirin diqqətinə çatdırıb.
Daha sonra çıxış edən səfir R. Mustafayev səmimi qəbula və ətraflı təqdimata görə, cənab rektora öz minnətdarlığını ifadə edərək, YDU-nin ölkəmizin qabaqcıl universitetləri ilə əməkdaşlığını, görkəmli azərbaycanlı neftçi alim və geoloq Fərman Salmanov adına Beynəlxalq Neft Akademik Konqresinin universitet nəzdində keçirilməsini yüksək qiymətləndirib. Səfir, eyni zamanda, əlavə edib ki, ölkəmiz RF-nin universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində tərəfimizdən bundan sonra da lazımı dəstək veriləcəkdir.
Görüşdən sonra təhsil ocağının maddi-texniki bazası, o cümlədən laboratoriyaları ilə tanışlığın davamında səfir R. Mustafayevin YDU-də və XM Dövlət Tibb Akademiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirildi, onları maraqlandıran məsələlər, o cümlədən təhsillə bağlı planları barədə qarşılıqlı fikir mübadiləsi aparıldı, müvafiq qeydlər götürüldü.
Proqramda nəzərdə tutulduğu kimi XMMD-nin müxtəlif şəhərlərində (Xantı-Mansiysk, Surqut, Nijnevartovsk, Koqalım, Nefteyuqansk və s.) fəaliyyət göstərən diaspor rəhbərləri və regionun universitetlərində, eləcə də mətbuat sahəsində çalışan həmvətənlərimizlə səfirin görüşü baş tutdu. Görüşdə Azərbaycan icmasının regiondakı fəaliyyəti, bununla yanaşı gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparıldı. Sonra həmvətənlərimizlə birlikdə görkəmli azərbaycanlı neftçi alim və geoloq Fərman Salmanovun Xantı-Mansiysk şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyuldu.
XMMD-nin rəsmi protokoluna uyğun olaraq, Səfir və onu müşayiət edən regionun rəsmiləri şəhərin mərkəzi parkında Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyduqdan sonra XMMD-nin qubernatorunun ofisində qubernator Ruslan Kuxarukla görüş keçirildi. Görüşdə XMMD-nin Dumasının sədri Boris Xoxryakov, qubernatorun iqtisadiyyat, təhsil və turizm sahələrindən məsul müavinləri və departament rəhbərləri iştirak ediblər.
Görüşdə Azərbaycanla RF-nin regionları arasında mövcud olan əməkdaşlıq platforması çərçivəsində ölkəmizlə XMMD arasında iqtisadi-ticari, elm, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın mühüm aspektləri və perspektivləri, o cümlədən təhsil və idman sahəsində gənclərin qarşılıqlı mübadiləsi, habelə regionda fəaliyyət göstərən Azərbaycan icmasının XMMD-nin aidiyyəti qurumları ilə qarşılıqlı fəaliyyətinin dəstəklənməsi müzakirə edildi.
Səfər müddətində səfiri baş konsul v.i.e Şöhrət Mustafayev müşayiət edib.