Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Sverdlovsk vilayətində səfərdə olub
23-24 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Sverdlovsk vilayətinə rəsmi səfər edib. Səfərin ilk günü səfir Baş Konsulluğun inzibati binasında olub və əməkdaşlarla görüşlə başlayıb. Səmimi mühitdə və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Səfir hər bir əməkdaşın iş şəraiti ilə yaxından tanış olub, onların fikirlərini dinləyib, öz tövsiyələrini verib və hər kəsə məsul vəzifələrində uğurlar arzulayıb.
Səfirin növbəti görüşü keçmiş SSRİ-nin və Rusiyanın dövlət xadimi, Sverdlovsk vilayətinin ilk qubernatoru (1995-2009) Eduard Erqartoviç Rossellə görüşü olub. Görüşdə Səfir cənab Rosselin ölkələrimiz arasında, o cümlədən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı rolundan, bu çərçivədə Ümummilli Lider Heydər Əliyevlə olan dostluq münasibətlərinin xüsusi əhəmiyyətindən bəhs edib və onun xidmətlərini yüksək qiymətləndirib. Öz növbəsində E. Rossel, cənab Səfiri təyinatı münasibətilə təbrik edib və onun regionlara planlaşdırılan səfərləri çərçivəsində ilk rəsmi səfərini Sverdlovsk vilayətinə etməsini yüksək qiymətləndirərək, bu səfərin qarşılıqlı münasibətlərin inkişafı baxımından böyük məna daşıdığını ifadə edib. O, daha sonra Ümummilli Lider Heydər Əliyevlə xoş xatirələrindən bəhs edib, Sovetlər İttifaqının dağılmasından sonra, xüsusilə 90-cı illərdə istər Rusiyada, istərsə də regionun digər ölkələrindəki ağır vəziyyətdən danışıb.
Proqramda nəzərdə tutulduğu kimi növbəti görüş Ural Federal Dairəsininin (Sverdlovsk, Tümen, Kurqan, Çelyabinsk, Yamal və Xantı-Mansiysk) vilayətlərində fəaliyyət göstərən diaspor rəhbərləri ilə, elm və təhsil mərkəzlərində çalışan həmvətənlərimizlə, o cümlədən iş dünyasını, mədəniyyət sahəsini və gənclərimizi təmsil edən soydaşlarımızla Səfirin görüşü baş tutub (İştirakçıların siyahısı əlavədə təqdim olunur). Görüşdə Azərbaycan icmasının regiondakı fəaliyyəti, bununla yanaşı gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparıldı.
Həmvətənlərlə görüşdən sonra Səfirin növbəti görüşü Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri xanım Babuşkina Lyudmila Valentinovna ilə keçirilib. Səmimi mühitdə keçən görüşdə xanım Babuşkina səfirin regiona səfərini yüksək qiymətləndirərək ölkələrimiz arasında həm siyasi, həm də parlamentlərarası münasibətlərin yüksək inkişaf dinamikası fonunda Sverdlovsk vilayəti ilə müvafiq istiqamətlər üzrə əlaqələrin inkişafının region üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir R. Mustafayev, xanım Babuşkinaya səmimi qəbula və qonaqpərvərliyə görə öz minnətdarlığını bildirərək Sverdlovsk vilayətinin onda yüksək təəssürat yaratdığını qeyd edib və qarşılıqlı münasibətləri yüksək qiymətləndirib.
Səfirin Sverdlovsk vilayətinin qubernatoru cənab Kuyvaşev Yevgeni Vladimiroviçlə görüşdə ticarət və investisiya sahələrində ikitərəfli əməkdaşlığın aktivləşdirilməsi məsələləri, 2025-ci il üçün qarşılıqlı səfərlər planı, Azərbaycan şəhərləri ilə region arasında qardaşlaşma münasibətləri məsələləri və işgüzar missiyaların qarşılıqlı səfərlərinin təşkili müzakirə olunub.
Səfər çərçivəsində səfir R. Mustafayev Ural Dövlət İqtisadiyyat Universitetinin rektoru Yakov Silin və Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Kokşarovla görüşüb. Görüşlər zamanı Azərbaycan universitetləri ilə UrFU və UDİU arasında elmi və təhsil əməkdaşlığının aktivləşdirilməsi məsələləri müzakirə olunub. Əsas diqqət mühəndis-texniki ixtisaslar, turizm və mehmanxana biznesi, həmçinin biotexnologiya və süni intellekt sahəsində mütəxəssislərin hazırlanmasına yönəldilib. UrFU-da fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin Azərbaycan mədəniyyətinin və incəsənətinin regionda tanıdılmasında, ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rolu xüsusi vurğulanıb.