2025-02-26

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluqda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun binası qarşısında bayraq yarıya qədər endirilib, soyqırımın ildönümünə həsr olunmuş fotosərgi və anım tədbiri keçirilib. Fotosərgidə və anım tədbirində Azərbaycan diasporunun nümayəndələri, gənclər, Baş Konsulluğun əməkdaşları iştirak ediblər. Sərgiyə baxış və fotoşəkillər önünə gül dəstələrinin qoyulması, həmçinin Baş Konsulluq tərəfindən hazırlanmış “Справедливость для Ходжалы” broşürlərinin iştirakçılara təqdim edilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım tədbiri çıxışlarla davam edib.

Tədbirdə çıxış edən baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski və digər natiqlər Xocalı soyqırımından danışaraq, tarixin ən dəhşətli soyqırımı cinayətlərindən biri hesab edilən Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin veriləcəyi günü, eləcə də bu cinayəti törədənlərin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab veriləcəyi günü səbirsizliklə gözlədiklərini qeyd ediblər. Natiqlər, eyni zamanda, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini, habelə bu gün, Xocalıda tarixi ədalətin bərpasını əbədiləşdirəcək Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasını xüsusi qürurverici amil kimi qeyd ediblər. Daha sonra tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəyanatı oxunub.

Arxiv üzrə axtarış