Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Sverdlovsk vilayətinə işgüzar səfər edib
22-24 aprel 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Yekaterinburqda keçirilən XV Avrasiya İqtisadi Gənclər Forumunda iştirak etmək üçün Sverdlovsk vilayətində işgüzar səfərdə olub. Səfər proqramı çərçivəsində səfir, bir sıra tədbirlərdə iştirak edib və müxtəlif görüşlər keçirib. Belə ki, səfərin ilk günü səfir “Avropa sinergiyası: Çoxqütblülük – İnteqrasiya – Sivilizasiyaların Dialoqu” devizi altında keçirilən beynəlxalq forumda açılış nitqi ilə çıxış edərək, forumun mahiyyətinə uyğun Azərbaycanın mövqeyi barədə məlumat verib, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi sahəsində siyasəti və təşəbbüsləri, Bakı prosesi və ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları barədə danışıb. Eyni zamanda, R.Mustafayev çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi fəaliyyət və təşəbbüslərə, çoxtərəfli yanaşmanın təşviqi və neokolonializmə qarşı mübarizə səylərinə də toxunub. Sonda o, Azərbaycanın Avrasiya məkanında inteqrasiya layihələrinin inkişafı istiqamətində atdığı konkret addımlardan danışıb, “Şimal-Cənub”, “Orta Dəhliz” və Cənubi Qafqazda “3+3” formatında regional əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb, həmçinin forumun fəaliyyətinə uğurlar arzulayıb. Qeyd edək ki, bu il 15-cisi baş tutan Avrasiya İqtisadi Gənclər Forumunda iştirak etmək üçün dünyanın 116 ölkəsindən və Rusiya Federasiyasının 86 regionundan 24 səfir, 65 diplomatik nümayəndəliyin təmsilçisi, 804 ekspert, 52 yerli və xarici KİV, 209 yerli və xarici universitet olmaqla 21704 iştirakçı qeydiyyatdan keçib.
İşgüzar səfərin ilk gününün sonunda səfirin Ural Federal Dairəsinin Sverdlovsk, Tümen, Kurqan, Çelyabinsk və Xantı-Mansiysk vilayətlərində təhsil alan tələbələr və aspirantlarla görüşü baş tutdu. Görüşdə çıxış edən səfir ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi diplomatik uğurlardan, ölkəmizdə gənclərin müxtəlif sahələrdə nailiyyətlər qazanmasında onlara göstərilən dövlət dəstəyindən bəhs etdi. Eyni zamanda, səfir R.Mustafayev Rusiyada yaşayan və təhsil alan gənclərimizin mükəmməl təhsil almalarının, eləcə də tələbəlik illərində onların qarşısında açılan geniş imkanlardan maksimum istifadə etmələrinin əhəmiyyətindən danışıb. Səfirin çıxışından sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Yekaterinburqda yaşayan və təhsil alan gənclər haqqında qısa təqdimat edib, həmçinin gənclərin 2024-cü ildə təşkil etdiyi tədbirlər, eləcə də onların fəal iştirak etdikləri digər tədbirlər haqqında qısa video çarx nümayiş etdirib. Daha sonra “Rusiyada Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası”nın təsisçiləri Mütvəli Şıxlinski, Fəridə Boyliyeva və Viktor Balakaev assosiasiyanın təsis olunmasının məqsəd və məramları, yaxın və uzaq perspektivdəki planları haqqında video təqdimat edərək səfir tərəfindən göstərilən diqqətə görə, öz minnətdarlıqlarını bildirdilər. Görüş tələbələr tərəfindən Səfirə yönləndirilən çoxsaylı sualların, habelə irəli sürülən təkliflərin ətrafında qarşılıqlı fikir mübadiləsi şəraitində 2 saat davam edib.
Növbəti gün, 23 apreldə səfirin ilk görüşü Ural Federal Universitetin rektoru Viktor Anatolyeviç Kokşarovla baş tutdu. Görüşdən əvvəl rektor səfiri universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi ilə tanış edib, səfirə Mərkəzdə mövcud olan əyani vəsaitləri, həmçinin ölkəmizin Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən 2024-cü ildə mərkəzdə qoyulmuş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünü təqdim edib. Mərkəzlə tanışlıqdan sonra səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələr aparıldı. Görüşün sonunda səfir R.Mustafayev səmimi və faydalı görüşə görə rektora minnətdarlığını bildirirdi və görüşdə müzakirə olunan mövzuların əhəmiyyətini xüsusi qeyd etdi. Rektorla görüşdən sonra universitetin prorektoru Sergey Gennadyeviç Tuşinin moderatorluğu ilə universitetin tələbələri (xüsusilə beynəlxalq münasibətlər sahəsi üzrə təhsil alan tələbələr) qarşısında səfirin “Rusiya-Azərbaycan münasibətlərinin aktual problemləri və regional siyasət” mövzusunda məruzəsi oldu. Mühazirələrin keçirilməsi üçün nəzərdə tutulan geniş zalda baş tutan mühazirə 1 saat 45 dəqiqə davam etdi. Mühazirə səfirin mövzuya uyğun tələbələrin qarşısında ətraflı çıxışı ilə başlayıb, daha sonra gələcəyin diplomatı olmaq arzusunda olan tələbələrin dövlətlərarası münasibətlər, regional və dünya siyasəti, o cümlədən diplomatın həyatı və diplomatik keyfiyyətlərlə bağlı suallarının cavablandırılması ilə davam edib. Mühazirənin sonunda səfirlə xatirə şəkli çəkdirilib.
Səfərin sonuncu görüşü Sverdlovsk vilayətin qubernatorunun müavini Vasili Valerieviç Kozlovla baş tutub. Azərbaycanla Sverdlovsk vilayəti arasında iqtisadiyyat, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişafına, mədəniyyət və gənclər mübadiləsinin intensivləşməsinə müsbət töhfə verəcək məsələlər müzakirə olundu.