Yekaterinburqda azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş viktorina keçirilib
24.05.2025 - “Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Konsulluğun təşkilatçılığı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin və “Azərbaycan–Ural” İctimai Milli-Mədəni Təşkilatının dəstəyi ilə Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında peşəkar əsasda viktorina təşkil olunub.
“Yekaterinburq” Kitabxana Mərkəzində keçirilən viktorinanın açılışında baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə çıxış edərək “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarışın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Konstitusiyasını, görkəmli tarixi şəxsiyyətlərimizi, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərimizi, eləcə də mədəniyyətimizin müxtəlif sahələrini – kinematoqrafiya, musiqi və teatr sənətini əhatə edən suallarla tərtib olunan viktorina üç turdan və duel mərhələsindən ibarət təşkil olunub.
Bütün mərhələləri uğurla başa vuran və yekunda topladıqları xallara əsasən yer tutanlar: - birinci yer “Zəfər” komandası, ikinci yer “Nar” komandası, üçüncü yer isə “Xraniteli Oqnya” komandası Baş Konsulluq tərəfindən müxtəlif məbləğlərdə pul mükafatları, diplomlar və hədiyyələrlə mükafatlandırılıblar. Turnirdə iştirak edən digər komandaların üzvlərinə isə iştiraka görə təşəkkürnamələr verilib.