Yekaterinburq şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib
27.05.2025 – Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May - Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Qəbulda dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Sverdlovsk vilayətində və ətraf vilayətlərdə yaşayan diaspor nümayəndələri, eləcə də bu şəhərdə təhsil alan soydaşlarımız iştirak ediblər.
Tədbir Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnlərinin səslənməsi ilə başlayıb və çıxışlarla davam edib.
Qəbulda baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin hökuməti adından vilayətin xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yuriyeviç Yarin, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Mixayloviç Veqner, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Georgievna Merzlyakova və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski çıxış ediblər. Natiqlər ölkələrarası münasibətlərdən, bu istiqamətdə hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun əhəmiyyətindən və Azərbaycan ilə Sverdlovsk vilayəti arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin digər platformalarda da inkişaf tempindən bəhs ediblər.
Bundan əlavə, Ş. Mustafayev çıxışında bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” mövzusuna, bununla bağlı 2025-ci ildə Konstitusiyamızın qəbulunun 30-cu ildönümünün və ərazi bütövlüyümüzün bərpasının 5-ci ildönümünün qeyd olunmasına toxunub, cəmiyyətdə qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.
Tədbirin rəsmi hissəsi xalqlarımız arasında dostluq rəmzinə həsr olunmuş tortun simvolik kəsilməsi ilə başa çatıb.
Rəsmi qəbul milli musiqi sədaları altında milli mətbəximizin ləziz təamlarının təqdimatı ilə davam edib.