Yekaterinburqda azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 4-cü ənənəvi minifutbol turniri keçirilib
31.05.2025 - Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 4-cü ənənəvi minifutbol turniri keçirilib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının da təşkilatı dəstək göstərdiyi turnirdə 8 komanda (Azklub UrFU, Nar FK, Qarabağ FK, Xəzər Lənkəran FK, Şəfa United FK, Zəfər FK, El Turko FK və Masallı FK) yarışıb.
Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli”ndən bəhs edib və turnirdə iştirak edən komandalara uğurlar arzulayıblar. Rəsmi açılışdan sonra yarışlara start verilib.
Turnirin yarımfinalından əvvəl xanım azarkeşlər arasında intellektual idman müsabiqəsi keçirilib və müsabiqənin dörd qalibi Baş Konsulluq tərəfindən mükafatlandırılıb.
Oyunların nəticələrinə görə, “Azklub UrFU” komandası 1-ci, “Nar FK” komandası 2-ci, “Qarabağ FK” komandası isə 3-cü yeri tutub. İlk 3 yerin sahiblərinə turnir üçün xüsusi hazırlanmış “Konstitusiya və Suverenlik İli”nin əksi olan kubok, medallar və Baş Konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları təqdim olunub.
Turnirdə Masallı FK komandasının oyunçusu Qasımov Ruhid Füzuli oğlu ən yaxşı qapıçı, Nar FK komandasının oyunçusu Kərimli Nicat Kazım oğlu ən çox qol vuran, Azklub-UrFU komandasının oyunçusu Süleymanov Hüseyn Hacıbaba oğlu ən yaxşı oyunçu və Qarabağ FK komandasının oyunçusu Quliyev Elbəyi Anaroviç isə ən yaxşı müdafiəçi nominasiyalarına layiq görülüblər. Yer tutmayan digər komandaların üzvlərinə isə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.