2025-06-10

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfir Rəhman Mustafayev Tümen və Kurqan vilayətlərində rəsmi səfərdə olub

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfir Rəhman Mustafayev 03 iyun 2025-tarixində Tümen vilayətində işgüzar, 04 iyun tarixində Kurqan vilayətində rəsmi səfərdə olub.

Tümen və Kurqan vilayətlərində səfirin ilk görüşləri həmin vilayətlərdə fəaliyyət göstərən Azərbaycan icmalarını fəalları, elm adamları və regionun universitetlərində təhsil alan həmvətənlərimizlə baş tutub. Həmin görüşlərdə səfir regionlarda fəaliyyət göstərən Azərbaycan icmaları ilə yaxından tanış olub, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Kurqan vilayətinə rəsmi səfər çərçivəsində  səfir həmyerlimiz, məşhur sovet ortopedi Qavril Abramoviç İlizarovun əsasını qoyduğu və hazırda onun adını daşıyan Kurqan Tibb Mərkəzini (KTM) ziyarət edib. Ziyarət zamanı, KTM-nin rəhbərliyi səfiri Mərkəzin fəaliyyəti ilə yaxından tanış edib və ona bildiriblər ki, 15-16 noyabr 1985-ci ildə Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü, keçmiş SSRİ-nin Hökumət sədrinin birinci müavini, Ümummilli Lider Heydər Əliyev Kurqana səfər edərkən Mərkəzlə yaxından tanış olub və Q.A. İlizarov ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Səfər proqramı çərçivəsində, səfir R. Mustafayev, müxtəlif vilayətin müxtəlif sənaye müəssisələrini Kurqan Avtobus zavodunu, Rusiyanın aparıcı əczaçılıq zavodlarından biri olan “Sintez” Əczaçılıq zavodunu, çətin keçilən ərazilər üçün nəqliyyat vasitələrini istehsal edən “Burlak” zavodunu ziyarət edib, habelə yol maşınqayırma zavodunun, xüsusi texnika zavodunun, şəhər təsərrüfatında istifadə olunan yol maşınqayırma zavodunun “Region45”in  və bütün növ metal konstruksiyaların istehsalı ilə məşğul olan “Kurqanstalmost” QSC-nin rəhbərləri ilə görüşüb, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparıb.

Rəsmi səfərin sonuncu görüşü Kurqan vilayətinin qubernatoru Vadim Şumkovla baş tutub. Səmimi və işgüzar şəraitdə baş tutan görüşdə qubernator səfiri salamlayaraq onun Kurqan vilayətinə səfərindən böyük məmnunluğunu ifadə edib, regionun iqtisadi imkanları, xüsusilə maşınqayırma, əczaçılıq sənayesi, eləcə də kənd təsərrüfatı barədə ətraflı məlumat verib və bu səfərin Azərbaycanla region arasında iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Daha sonra səfir R. Mustafayev, göstərilən diqqətə, səmimi qonaqpərvərliyə görə, qubernatora öz minnətdarlığını bildirib, Kurqan şəhəri ilə bağlı təəssüratlarını bölüşüb və şəhərdə aparılan yenidənqurma işlərinin şəhərin çöhrəsinə xüsusi gözəllik verdiyini qeyd edib.

Arxiv üzrə axtarış