2018-09-01

Novosibirsk vilayəti ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Azərbaycanın baş konsulu İlqar İsgəndərov Novosibirsk vilayəti qubernatoru vəzifəsini müvəqqəti icra edən Andrey Travnikovla görüşüb.

Konsulluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər dövlətlərarası əməkdaşlığın aktual aspektlərini və qarşılıqlı səmərəli perspektivlərini müzakirə ediblər.

Andrey Travnikov vurğulayıb ki, Novosibirsk vilayəti fəaliyyətin müxtəlif sahələrində regionlararası və beynəlxalq əlaqələr üçün açıq olan qonaqpərvər regiondur. “Novosibirsk vilayətində Azərbaycanın böyük diasporu yaşayır və onun təmsilçiləri iqtisadiyyatın müxtəlif sektorlarında işləyirlər. Müxtəlif tədbirlər keçirən milli ictimai təşkilatlar fəal iş aparırlar. Sosial-iqtisadi aspektdə də bir çox əlaqələrimiz var. Biz idxalı və ixracı inkişaf etdirir, avadanlıq tədarük edir, yeni müəssisələr açırıq. Əsas odur ki, əməkdaşlığın inkişafı üzrə maraqlarımız üst-üstə düşsün”, - deyə Andrey Travnikov qeyd edib.

İlqar İsgəndərov bildirib ki, 2018-ci ilin aprel ayında Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu təyin edilib. Konsulluq dairəsi Vladivostokadək ərazini əhatə edir. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiya regionları ilə münasibətlərinin inkişafına böyük önəm verir. Baş konsul, həmçinin qeyd edib ki, Novosibirsk vilayətinin və Azərbaycanın əməkdaşlıq üçün böyük potensialı var: “Novosibirsk elm mərkəzidir, əməkdaşlığın bu sahədə inkişaf etməsi üçün şərait yaratmaq lazımdır. Bundan başqa, mədəni-humanitar sahədə də qarşılıqlı əlaqələri inkişaf etdirmək vacibdir”.

Baş konsul Novosibirsk vilayəti qubernatorunun vəzifəsini müvəqqəti icra edən Andrey Travnikovla görüşməklə yanaşı, “Texnoprom-2018” VI Beynəlxalq Texnoloji İnkişaf Forumunun tədbirlərində iştirak edib, Novosibirskdə yaşayan Azərbaycan diasporunun nümayəndələri və gənclərlə görüşüb.

https://azertag.az/xeber/Novosibirsk_vilayeti_ile_emekdasligin_inkisafi_meseleleri_muzakire_edilib-1190860

Arxiv üzrə axtarış