2022-05-10

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Baş konsulluğun kollektivi və diaspora fəalları tərəfindən Ulu Öndərin büstünün önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi hörmət və ehtiramla yad olunmuşdur. Daha sonra ölkəmizin dövlət himnin səslənməsi ilə başlayan mərasim natiqlərin çıxışları ilə davam etmişdir.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev çıxış edərək, Ulu Öndərin şərəfli ömür yolundan bəhs etmiş, onun Azərbaycan tarixindəki rolundan danışmışdır. Öz çıxışında natiq, tarixin bütün dövrlərində dövlət xadimi keyfiyyətlərini özündə daşıyan çox saylı şəxsiyyətlər haqqında danışmağın mümkün olduğunu qeyd edərək, Ulu Öndər Heydər Əliyevi – Corc Vaşinqtonla, Mustafa Kamal Atatürklə və  Aliyə İzzətbeqoviçlə  müqayisə etmişdir. Habelə Ş. Mustafayev, Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ-nin ən ali vəzifələrində çalışmasına baxmayaraq, daima öz millətinin istiqbalını hər şeydən üstün tutmasından bəhs edərək,  SSRİ-nin ən güclü olduğu 70-ci illərdə belə İttifaq sonrası xalqının gələcəyinin yaxşı təhsilli kadrlar tərəfindən müəyyən olunacağını düşünərək, həmin illərdə İttifaqın tanınmış ali məktəblərinə çoxsaylı tələbələri göndərməsinin tale yüklü missiya olmasından bəhs etmişdir.  Eyni zamanda, o, 1980-ci illərin sonunda SSRİ-nin süqutunun qaçılmaz olduğunu və ermənilərin “qarabağ xəstəliyi” nin baş qaldırdığını görən H. Əliyevin özü və ailəsi üçün yaranacaq bütün təhlükələri gözə alaraq, tərəddüd etmədən öz millətinin gələcəyini seçməsinin parlaq liderlik şücaəti kimi tarix qarşısında qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin 90-cı illərdə bütün təzyiqlərə baxmayaraq, istər erməni təcavüzünə, istərsə də daxildə davam edən hakimiyyət mübarizəsinin nəticəsində yaranmış anarxiyaya qarşı xalqı ilə həmrəylik nümayiş etdirən Ümummilli Liderin bütün təhdidlərə rəğmən 15 iyun 1993-cü ildə xalqın çağırışı ilə növbəti dəfə tarixi missiyasını öz üzərinə götürməsi və millətini əsarət, ölkəsini dağılma təhlükəsindən xilas etməsinin müstəsna tarixi əhəmiyyətinin olduğu xüsusi qeyd olunmuşdur. Ş. Mustafayev öz çıxışının sonunda, müstəqil Azərbaycanın qurucusu olaraq tarixdə öz əbədi yerini alan Ulu Öndərin bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gələcəyə hesablanmış siyasətindən və bu siyasətin layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasi gedişlərinin nəticəsində tarixi torpaqlarımızın 28 illik işğaldan sonra azad edilməsindən bəhs etmiş, şanlı Azərbaycan bayrağının işğaldan azad olunmuş tarixi torpaqlarımızda dalğalanmasından hər bir azərbaycanlı kimi qürur duyduğunu ifadə etmişdir.

Daha sonra çıxış edən diaspora fəalları Müşfiq Ağababayev, Şahin Kadaşov, İlyas Həsənov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə çıxış edərək Ümummilli Liderin diaspora, təhsil və gənclər siyasətindən bəhs etmişlər.            

Arxiv üzrə axtarış