2022-05-27

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən 28 may Müstəqillik Gününə və “Şuşa ili” nə həsr olunmuş rəsmi qəbul keçirilmişdir

 26 may tarixində  Baş konsulluq tərəfindən Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 may Müstəqillik Gününə və “Şuşa ili” nə həsr olunmuş rəsmi qəbul təşkil olunmuşdur.

Rəsmi ziyafətdə 200 nəfərə yaxın qonaq, o cümlədən Sverdlovsk vilayətinin Qanunverici Məclisinin sədri xanım Babuşkina Lyudmila Valentinovna, Beynəlxalq xarici iqtisadi əlaqələr nazirinin müavini  Berq Lyudmila Nikolaevna, Mədəniyyət nazirinin müavini  Doroxin Roman Viktoroviç, Sverdlovsk vilayətinin çoxsaylı hökumət nümayəndələri, Qanunverici Məclisin deputatları, Baş konsullar, fəxri konsullar, diplomatik korpusun digər təmsilçiləri, habelə universitet rektorları, ictimai xadimlər, Ural federal dairəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və Yekaterinburq şəhərində təhsil alan fəal azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir 28 may Müstəqillik Günü və “Şuşa ili” ilə bağlı xüsusi hazırlanmış stendin qarşısında qonaqların qarşılanması, qonaqlara xalqımızın mübarizə rəmzinə çevrilmiş Qarabağla-Şuşa ilə bütünləşən “Xarıbülbül”, habelə Azərbaycan-Rusiya bayraqlarından ibarət döş nişanlarının təqdim olunması, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səslənməsi ilə başlamış və çıxışlarla davam etmişdir.

Giriş nitqi ilə çıxış edən Baş konsul v.i.e Şöhrət Mustafayev, yüz dörd il bundan əvvəl - 1918-ci ilin may ayının 28-də şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının xalqımızın qədim dövlətçilik tarixinə böyük hadisə kimi daxil olduğundan və 23 aylıq qısa fəaliyyəti dövründə ölkəmizin dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmasından bəhs edərək, aşağıdakılar qeyd etmişdir:

  Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi missiyanı şərəflə yerinə yetirərək, Azərbaycanın ilk Hökumətini və Parlamentini, habelə dövlət aparatını təşkil etmiş, dünyanın müxtəlif ölkələrində səfirlik və konsulluqların açılması, sərhədlərin müəyyən olunması,  şanlı bayrağımızın, himnimizin və gerbimizin təsis olunması, ana dilimizin dövlət dili elan olunması, ordu quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqətin yetirilməsi tale yüklü və misilsiz hadisə kimi qiymətləndirilir. 

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyətinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət aparatı bütün ölkə vətəndaşlarına eyni hüquqlar vermiş, irqi, milli, dini, sinfi bərabərsizliyin ortadan qaldırılmasında müstəsna rol oynamış, qadınlara o dövrdə dünyanın ən mütərəqqi ölkələrində olmayan səsvermə hüququ verilmişdir. Beynəlxalq münasibətlər sisteminin ən mürəkkəb dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində 1-ci Dünya müharibəsinin nəticələrini müəyyən edən Versal sülh konfransında, 11 yanvar 1920-ci ildə AXC müstəqil dövlət kimi tanınmış və ölkəmiz beynəlxalq hüququn subyekti olaraq dünya birliyinin həqiqi üzvlüyünə qəbul olunmuşdur. Məhz həmin dövrdən AXC-nin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayından sonra da ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamış və Ümummilli lider Heydər Əliyevin siyasi dühası sayəsində Azərbaycan dövlətçiliyi qorununmuş, stabillik tam təsis olunmuş və bütün istiqamətlər üzrə inkişafın təməlləri atılmışdır. Ümummilli Liderin uğurlu siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu günə qədər davam etdirilməkdədir və bu da hər bir azərbaycanlı tərəfindən böyük məmnuniyyətlə qarşılanır.  2018-ci ildə cənab prezidentin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Böyük tarixi yol keçən Azərbaycan dövlətçiliyi sözsüz ki, İlham Əliyevin rəhbərliyində daha da möhkəmlənmiş, ölkəmiz bütün istiqamətlər üzrə inkişaf etmişdir. 30 il işğal altında olan tarixi torpaqlarımız işğaldan azad olunmuş və hal-hazırda Qarabağın incisi olan Şuşa şəhəri də daxil olmaqla işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri görülməkdədir. Bərpa-quruculuq işləri ilə yanaşı, cənab İ. Əliyevin sərəncamı ilə Qarabağın milli-mənəvi-mədəni ruhunu özünə qaytarmaq üçün Azərbaycanda “Şuşa ili” elan olunmuşdur. Şuşa eyni zamanda, 2 ay öncə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.

Eyni zamanda, Ş. Mustafayev öz nitqində bildirmişdir ki, daima mehriban qonşuluq siyasətinə böyük əhəmiyyət verən ölkəmiz hər zaman Rusiya Federasiyası ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafına diqqət göstərmişdir. Belə ki, o, dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun münasibətlərimizin təməl daşı olduğunu qeyd etmiş, ölkə başçılarımız arasındakı yaxın dostluq münasibətlərinin də qarşılıqlı münasibətlərə çox böyük töhfə verdiyini vurğulamışdır. 2 ay öncə diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunmasını və  daima inkişaf edən münasibətlərimizin 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik haqqında Bəyannamə ilə yeni dövrə qədəm qoyan qarşılıqlı münasibətlərimizin daim olması ilə bağlı arzularını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən Qanunverici Məclisinin sədri xanım Babuşkina Lyudmila Valentinovna öz çıxışında aşağıdakıları qeyd etmişdir:

Azərbaycan cənubi-qərbi Asiyada özünəməxsus mədəniyyəti və çox əsrlik tarixi birləşdirərək parlaq və rəngarəng ölkədir. Asiya və Avropanın birləşmə nöqtəsində yerləşən Azərbaycanın öz zəngin mədəniyyəti ilə, bəşəriyyətin ən yaxşı tərəflərini özündə ehtiva edir. Azərbaycan Qafqazın incisi hesab olunur. 28 may 1918-ci il Azərbaycan tarixinin inkişaf dövrünün başlanğıcı kimi qəbul olunur. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi və Parlamentli Respublika olmuşdur və tarix boyu öz inkişaf yolunda fəaliyyətinə davam etmişdir. Hazırda sülhpərvər siyasət aparan Azərbaycan Respublikası böyük nüfuz qazanmışdır.

Çıxışının sonda Rusiya Azərbaycan münasibətlərinə toxunan L. V. Babuşkina, bu gün Rusiya ilə Azərbaycan arasında daima inkişaf edən münasibətlərin nümunəvi xarakter daşıdığını, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın özünün ən yüksək zirvəsində olduğunu xüsusilə vurğulamışdır.

Tədbirin rəsmi hissəsində çıxış edən Beynəlxalq xarici iqtisadi əlaqələr nazirinin müavini  Berq Lyudmila Nikolaevna, Sverdlovsk vilayəti ilə ölkəmiz arasında iqtisadi, ticarət və mədəni-humanitar sahədə çox yüksək münasibətlərin olduğunu və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyindən bəhs etmişdir.

Daha sonra duayen qismində çıxış edən Özbəkistan Respublikasının Baş konsulu Abdusalom Qurbanoviç Xatamov Azərbaycan Respublikasının Baş konsulluğunun fəaliyyətini yüksək qiymətləndirmiş və Özbəkistanla Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs etmşdir.

Azərbaycan diasporasının adından çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, 28 mayın Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs etmiş, ölkələrimiz arasında mövcud münasibətlərin məmnuniyyət verici olduğunu qeyd etmişdir.

Tədbirin rəsmi hissəsi xalqlarımızın dostluq rəmzinə ithaf olaraq, Baş konsul v.i.e Şöhrət Mustafayev və xanım sədr Lyudmila Valentinovna Babuşkina tərəfindən tort kəsilməsi ilə başa çatmış, xanım qonaqlara Xarıbülbül rəsmili kəlağayılar və çay dəstləri hədiyyə olunmuşdur.

Daha sonra  qonaqlara Azərbaycan milli mətbəxinin ləziz taamları və şirniyyatları təqdim olunmuşdur.  

Arxiv üzrə axtarış