Baş konsulluqda Anım Günü ilə bağlı tədbir keçirilidi
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, habelə bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq, 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Anım Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir Baş konsulluğun görüş zalında şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış guşənin önünə gül dəstələrinin qoyulması ilə başlamışdır. Daha sonra tədbiri giriş nitqi ilə açan Baş konsul v.i.e Şöhrət Mustafayev çıxış edərək, Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvətlərinin 44 günlük Vətən müharibəsindəki qəhrəmancasına mübarizəsindən danışıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Vətən müharibəsində tarixi ədaləti bərqərar etməklə yanaşı, son 30 ildə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən ayaqlar altına atılmış Beynəlxalq hüququn norma və prinsiplərini nəinki regionda, eləcə də bütün dünyada bərpa etmişdir. Ş. Mustafayev çıxışının sonunda şəhidlərimiz və qazilərimizdən bəhs edərək, Bakı vaxtı ilə saat 12:00-da şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan etmişdir. Anım Günü tədbiri Ural Dövlət Mədən Universitetinin professorları Niyazi Vəliyevin və Vladislav Petroviçin çıxışları ilə davam etmişdir. Onlar öz çıxışlarında qeyd ediblər ki, Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpa olunmasındakı rolu müstəsnadır və bu istiqamətdə Azərbaycanın haqlı mövqeyi hər zaman dəstəklənmişdir və dəstəklənəcəkdir. Eyni zamanda natiqlər, Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən də bəhs etmişlər.
Tədbirdə Baş konsulluğun kollektivi ilə yanaşı, Azərbaycan diasporasının nümayəndələri, həmçinin Ural Dövlət Mədən Universitetinin professor heyəti iştirak etmişdir.