2023-05-03

Yekaterinburqda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib

Mayın 2-də Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və YUNESKO-nun Azərbaycan üzrə Milli komissiyasının birgə təşkilatçılığı ilə Yekaterinburq şəhərində, Sverdlovsk Dövlət Filarmoniyasının 750 nəfərlik böyük zalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Filarmoniyası Q. Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin direktoru  Nərgiz Əliyevanın rəhbərliyi ilə “Bakı Virtuozları” qrupunun ifasında konsert, Baş Konsulluğun təşəbbüsü ilə çəkilən «Гейдар Алиев – Взгляд из России» filminin təqdimatı, "Heydər Əliyev Baykal-Amur magistralının tikintisində" adlı foto sərgi  keçirildi.

Konsert proqramı furşet, açılış mərasimi və bədii hissələrindən ibarət idi. Gecədə Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yuriyeviç Yarin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Aleksandr Vladimiroviç Xarlov, Sverdlovsk vilayətinin Xarici iqtisadi əlaqələr nazirinin müavini xanım Berq Lyudmila Nikolaevna, Sverdlovsk vilayətinin mədəniyyət nazirinin müavini Roman Viktoroviç Doroxin, Yekaterinburq şəhərinin meriyasının beynəlxalq əlaqələr departamentinin müdiri xanım Anastasiya Kolpaşikova, həmçinin çoxsaylı yerli dövlət və hökumət, parlament, elm və təhsil  nümayəndələri, diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, bu şəhərdə yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər. Furşetdən sonra "Heydər Əliyev Baykal-Amur magistralının tikintisində" foto sərgisi ilə tanış olan tədbir iştirakçılarına proqramın davamı olaraq, «Гейдар Алиев – Взгляд из России» filmi təqdim olundu. Daha sonra tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səslənməsi ilə başladı və Baş konsul v.i.e Şöhrət Mustafayevin, Sverdlovsk vilayəti hökumətinin adından vilayətin Beynəlxalq və Xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yuriyeviç Yarinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Aleksandr Vladimiroviç Xarlovun, “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinskinin və Surqut şəhərində yaşayan həmyerlimiz, 6-cı sinif şagirdi Sadiq Abbasovun çıxışları ilə davam etdi. Natiqlər Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən regionumuzda və dünya siyasətində oynadığı roldan, habelə çox əsirlik mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışdılar. Eyni zamanda, çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış az saylı dahi şəxsiyyətlərdən biri olub.

Rəsmi çıxışlardan sonra, tədbir “Bakı Virtuozları” muğam qrupunun təqdimatında konsert proqramı ilə davam etdi. Konsertin sonunda, tamaşaçılar tərəfindən Əməkdar artist Nərgiz Əliyevaya və onu müşayiət edən sənətçilərimizə gül dəstələri təqdim olundu və onlara möhtəşəm performanslarına görə təşəkkür olundu. https://azertag.az/xeber/2599538 https://azertag.az/xeber/2601080

Arxiv üzrə axtarış